Almaniya kritik qərarı verdi, Putinin əli nüvə düyməsində – Böyük fəlakət yaxınlaşır

Ukrayna ordusunun Almaniya və Polşada “Leopard 2” tankları ilə hərbi təlimlərə başlaması haqda məlumat yayılıb.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna hərbçilərinin buradakı təlimləri əsasən Aşağı Saksoniyanın Munster şəhərindəki Tank Qoşunları məktəbində keçiriləcək. Təlimlərin Almaniyanın “Leopard 2” tanklarını Ukraynaya təhvil verəcəyi ilk rübün sonuna qədər başa çatdırılacağı planlaşdırılır. Eyni zamanda Polşada da Ukrayna hərbçilərinin “Leopard 2” təlimləri başlayıb.

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Azad İsazadə bildirib ki, Ukrayna müharibəsinin ağır mərhələsi başlayır:

“Bu məsələyə iki amil təsir edir: Rusiya səfərbərliklə çağırdığı insanları poliqonlarda hazırlayıb növbəti dəfə hücuma keçməyə çalışacaq. Ukrayna da yeni silahları alıb əks-hücuma keçməyə cəhd edəcək. Məsələ ondadır ki, kim birinci hücuma keçəcək. İnsanların və texnikanın daha çox olması dəhşətli döyüşlərə səbəb ola bilər”.

Azad İsazadə

Ekspert hesab etmir ki, ABŞ Rusiyanı bombalayacaq:

“Çox güman ki, Ramştaynda keçiriləcək danışıqlarda F-16 təyyarəsi məsələsi həll olunacaq deyə, Rusiyada yaşayan amerikalılar girov götürülə bilər. Xatırlayırsınızsa, ABŞ-da həbsdə olan silah alverçisini çıxarmaq üçün amerikalı basketbolçunun üzərində guya narkotik vasitə tapıb həbs etmişdilər. Ehtimal ki, ABŞ vətəndaşlarını girov düşməmək üçün Rusiyadan çıxmağa çağırır.

İkincisi, bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya nüvə silahından istifadə etməyi qərara alsa, ABŞ cavab zərbəsi vurmağa məcbur olacaq. Ona görə də öz vətəndaşlarını çıxarır. Amma bu risk o qədər də yüksək deyil. Girov götürmək riski daha yüksəkdir”.

A.İsazadə qeyd edib ki, müharibənin başladığı bir il ərzində Rusiyanın silah gücü, generalların döyüş qabiliyyəti bütün dünyada gülünc bir formada nümayiş olundu:

“Biz də hardasa Rusiya silahına çox yüksək qiymət verirdik. Amma elə İkinci Qarabağ müharibəsi də göstərdi ki, rus silahı o qədər də keyfiyyətli deyil və çox rahatlıqla darmadağın edilmişdi. Buna silahı ermənilərin idarə etdiyi səbəb olaraq gətirilirdi. Amma Ukrayna-Rusiya müharibəsi göstərdi ki, silah o qədər də keyfiyyətli deyil. İkincisi, ruslar özləri də say çoxluğu olmağına baxmayaraq, ondan kifayət qədər istifadə edə bilmədilər. Bu bir il ərzində biabırcasına uduzdular, faktiki bütün peşəkar ordunu məhv etdilər, hansısa elə bir mahiyyəti olmayan kiçik qəsəbə və kəndləri işğal etmək üçün insanları qırğına göndərirlər”.

Ekspert bildirib ki, Ukrayna müasir dördüncü nəsil tankları alsa, xeyli güclənəcək və cəbhədə daha yüksək nailiyyət nümayiş etdirə bilər:

“Amma müasir tanklar tələb edir ki, ondan savadlı istifadə edilsin və bunun üçün hərbçilər təlim keçməlidir. Hazırda onlar “Leopard”ları idarə etməyi öyrənirlər. Ukrayna zabitləri rus texnikasını idarə etməyi bacarırlar və ən müasir rus tankı “Leopard”ın qarşısında zəifdir. “Leopard”ın daha geniş funksiyaları var və onu öyrənmək üçün bir az müddət lazımdır. Təəssüf ki, Ukraynada bu müddət o qədər də çox deyil.

Çox güman ki, yazda hücum etmək çətin olacaq və ən güclü döyüşləri fevralın sonu, martın əvvəli, ya da mayda gözləməliyik. Ukrayna ordusunu çox savadlı general komandası idarə edir. Həmçinin Ukrayna xalqının motivasiyası çox yüksəkdir. Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ilə bağlı keçirilən sorğuda iştirakçıların 80 faizə yaxını demişdi ki, nüvə silahının qarşısında təslim olmayacağıq, müharibəni davam etdirəcəyik. Ümid edirəm ki, bu il müharibə bitər. Amma Rusiya hansısa üçüncü dalğa üçün səfərbər etməyə insan tapsa, onda gələn il də biz bu müharibəni müzakirə edəcəyik”.

Gülnar Səlimova
Globalinfo.az