“Alınmasa, siyasi fəaliyyətin başqa formasına keçəcəyik” – Pənah Hüseyn

Ədliyyə Nazirliyi Pənah Hüseynin sədr olduğu Azərbaycan Xalq Partiyasının (AXP) qurultayının nəticələrini rəsmi qeydə alıb. Bu haqda məlumat vermişdik.  

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sədri Pənah Hüseyn deyib ki, qanunvericiliyə müvafiq olaraq AXP-nin V Qurultayının materiallarını Ədliyyə Nazirliyinə təqdim ediblər:

“İki dəfə rəsmi olaraq imtina cavabı gəlmişdi. Orada texniki səhflər əsas göstərilmişdi. Doğrudan da həmin texniki səhvlər var idi. Amma bizim iddiamız ondan ibarətdir ki, qanunvericiliyə görə, bütün texniki çatışmazlıqlar bir cavabda göstərilsin. Artıq AXP-nin V Qurultayının sənəd və materialları əsasında qanuni təmsilçi qeydə alındı. Bundan sonra bizə ayrılmış növbəti 180 gün müddətində beş min nəfər partiya üzvünün siyahısını təqdim etmək vəzifəsi qarşımızda durur”.

“Bəzi partiya sədrləri 5 min imza məsələsinə narazılıq edirlər. Sizin üçün bu imzanı toplamaq çətin olmayacaqmı” sualına cavab verən P.Hüseyn bu qərardan razı qalmadığını bildirib:

“Hesab edirəm ki, əvvəllər qeydiyyata alınmış partiyaların fəaliyyəti üçün sərt qaydaların tətbiq olunması çoxpartiyalılığa və siyasi plüralizmə ciddi əngəl olacaq. 5 min partiya üzvünün reyestrdən keçməsi və ildə iki dəfə yoxlanılması siyasi cəhətdən insanların qorxudulması və üzvlükdən çəkinməsinə gətirib çıxarır.

Fikrimcə, siyasi partiyaların fəaliyyətinə qeyri-adekvat şəkildə icra hakimiyyəti orqanlarının nəzarətini müəyyənləşdirən qanunlar da hazırda geriyə doğru addımdır. “Siyasi partiyalar haqqında” Qanun və əlavə dəyişikliklər də konsepsiya əsasında hazırlanmalıdır.

Fevral ayının 20-də partiyamızın yerli təşkilatlarının rəhbərlərinin müşavirəsi planlaşdırılır. 5 min nəfərlik siyahının reyestrə daxil edilməsi üçün qərar qəbul olunacaq. AXP-nin hazırda iki min civarında üzvü var. Əlbəttə ki, 180 gün ərzində sayı 5 minə çatdırmaq ciddi problemdir. İndiki siyasi mühit nəzərə alınarsa, bu heç də asan məsələ deyil. Amma biz də say məsələsində səy göstərəcəyik. Buna nail olsaq təqdim edəcəyik, ola bilməsək də konstitusiyanın 58-ci maddəsinə uyğun olaraq siyasi fəaliyyətin partiyasız formalarından istifadə edəcəyik”.

Zaira Akifqızı

Globalinfo.az