Alimpaşa Məmmədovun məhkəməsi buna görə təxirə salındı

Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi təxirə düşüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb hakim Nural Əliyevin Apelyasiya Məhkəməsinə hakim getməsi olub.

A.Məmmədovun vəkili Yolçu Abbasov bildirib ki, yeni hakimin adı yanvar ayının 5-i məlum olmalıdır.

Qeyd edək ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.