Ali təhsilli Vətən müharibəsi iştirakçısı xadimə təyin edilib? – AÇIQLAMA

Ali təhsilli Vətən müharibəsi iştirakçısı orta məktəbdə xadimə vəzifəsinə təyin olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə deputat Fəzail Ağamalı sosial media hesabında paylaşım edib.

“Salyan rayonunun Kərimbəyli kənd sakini, ADPU-nun Psixologiya ixtisası üzrə məzunu olan İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə vəzifəsinə təyin olunub. Mənimlə söhbətində onu çox pis vəziyyətə salan bu işin başqa bir işlə əvəz olunmasını dəfələrlə S.Məsimlidən xahiş etsə də, müxtəlif bəhanələrlə bundan imtina edildiyini deyib.

Şirvan-Salyan Regional Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama yayıb.

İdarədən bildirilib ki, məlumat araşdırılıb:

“Araşdırma nəticəsində məlum olub ki, 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin korreksiyaedici təlim ixtisası üzrə bitirmiş İbrahim Hüseynov 15.09.2021-ci ildə Qarabağlı kənd 1 nömrəli tam orta məktəbinin direktorunun əmri ilə öz xahişi və müraciəti əsasında məktəbdə texniki vəzifə üzrə işə götürülüb.

Şirvan-Salyan Regional Təhsil İdarəsi fəaliyyətə başladığı gündən bu günə qədər Salyan rayon sakini İbrahim Hüseynov iş yerinin dəyişdirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir müraciət etməyib.

İxtisası korreksiyaedici təlim olan İbrahim Hüseynova Regional idarənin əhatə etdiyi təhsil müəssisələrində ixtisasına uyğun vakansiya yaranacağı təqdirdə işlə təmin olunmasına köməklik ediləcəkdir”, – deyə idarədən bildirilib.