Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
Axar.az xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 5 təminat və 1 minik avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Qeyd edək ki, gün ərzində ümumilikdə sülhməramlılarına məxsus 26 avtomobil ərazidən maneəsiz keçib.
***18:58
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha 4 yük və minik maşınının sərbəst keçidi baş tutub.
Səhər saatlarından bu ana qədər RSK-nın 20 müxtəlif markalı avtomobilləri keçid edib.
***17:11
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bununla da gün ərzində aksiya ərazisindən hər iki istiqamətə keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 16-ya çatıb.
***15:37
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Avtomobillər Laçından Xankəndi istiqamətinə keçib.
Bununla da bu gün aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 15-ə çatıb.
***12:14
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 təminat və bir minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bununla da gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 13-yə çatıb.
***10:24
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Globalinfo.az bildirir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, Xankəndidən Laçın istiqamətinə üç minik, iki təminat və bir media avtomobili keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
***10:07
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi üç gündür davam edir.
Globalinfo.az xəbər verir ki, “Report”un aksiyanı işıqlandıran əməkdaşının məlumatına görə, keçən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu heç bir insident baş verməyib.
Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.