Akif Nağı “yeraz”-naxçıvanlı ifadəsinə görə üzr istədi

“Mən sentyabrın 5-də “Azadlıq Radiosu” tərəfindən paylaşılan debatla bağlı bildirirəm ki , həmin debatda iştirak etmişəm, emosional vəziyyətdə parlament seçkilərində regionçuluğa dair yanlış fikir səsləndirmişəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı yeni parlamentdə əsasən Qərbi Azərbaycan və Naxçıvandan olan şəxslərin çoxluq təşkil etməsi ilə bağlı verdiyi açıqlama haqda danışarkın deyib.

O, dediyi sözlərin kontekstdən çıxarıldığını qeyd edib:

“Çox təəssüf ki, radionun əməkdaşları və bəzi təxribatçılar debatın həmin hissəsini ayıraraq paylaşır, mənim açıqlamamı konteksdən çıxarır, məkrli məqsədlər üçün istifadə etməyə çalışırlar. Bildirirəm ki, bu cür təxribatlara son qoyulmalıdır. Son iki gün ərzində müxtəlif şəxslər, o cümlədən adı çəkilən Naxçıvan və Qərbi Azərbaycandan olan dostlarım mənə müraciət edir, narahatlıqlarını bildirirlər. Mən dəfələrlə bildirmişəm ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə sağlam siyasi proseslər gedir, geniş islahatlar həyata keçirilir. Biz də Azad Vətən Partiyası olaraq bu siyasəti tam dəstəkləyirik. Mənim emosional vəziyyətdə dediyim yanlış fikirdən ölkədə aparılan uğurlu siyasətə kölgə salınması cəhdlərini qətiyyətlə pisləyir və bu təxribatçı hərəkətlərə son qoyulmasını tələb edirəm”.

Zaira Akifqızı
Globalinfo.az