WhatsApp Image 2026 02 01 at 20.49.54

“Partiya sədri Akif Nağının bloger Səidə Bəkirqızı haqqında sosial şəbəkədə paylaşdığı statusda işlətdiyi ifadələrin Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə qorunan şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarına birbaşa müdaxilə təşkil etdiyi aydın görünür”.

Globalinfo.az xəbər verir ki, bunu hüquqşünas Əlövsət Əliyev qeyd edib.

Onun sözlərinə görə, paylaşımda işlədilən ifadələr əsasən iki hüquqi pozuntunu ehtiva edir:

1. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, şəxsin şərəf və ləyaqətinin nalayiq formada alçaldılması cinayət məsuliyyəti yaradır. Statusda istifadə olunan kobud və alçaldıcı ifadə qadının ünvanına açıq şəkildə işlədilmiş, ictimai platformada yayımlanmış və geniş auditoriyaya çatdırılmışdır. Bu ifadə məhkəmə təcrübəsində açıq, ağır və nalayiq təhqir kimi qiymətləndirilir və xüsusi ittiham qaydasında cinayət məsuliyyəti yaradır.

2. Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə, şəxsin nüfuzuna xələl gətirən, şərəf və ləyaqətini ləkələyən yalan məlumatların yayılması iftira hesab olunur.

Akif Nağı tərəfindən səsləndirilən iddialar — zərərçəkmiş şəxsin erməni olması, erməni xüsusi xidmət orqanları ilə əlaqəsi, “verbovka” olunması, ölkədə qarşıdurma və xaos yaratmaq məqsədi daşıması — sübuta yetirilməmiş, ağır və cinayət məzmunlu ittihamlardır.

3. Akif Nağı siyasi partiya rəhbəridir və ictimai fiqur kimi onun açıqlamaları daha geniş təsir dairəsinə malikdir. Hüquqi praktikada ictimai fiqur tərəfindən bu cür ifadələrin işlədilməsi ağırlaşdırıcı hal kimi nəzərə alınır.
Qeyd olunan status ifadə azadlığı çərçivəsinə daxil olmayan, cinayət-hüquqi məsuliyyət yaradan hərəkət kimi qiymətləndirilə bilər.

Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməklə yanaşı, mənəvi ziyana görə mülki qaydada təzminat tələb etmək hüququna da malikdir. Bu tip açıqlamalar hüquqi dövlət prinsipləri, şəxsi toxunulmazlıq hüququ və ictimai etik normalarla uzlaşmır.

Paylaş: