Akif Çovdarovun əmlakı niyə geri qaytarılır? – Hüquqşünas müdhiş faktları və əsl səbəbləri açıqladı

Ali Məhkəmənin sədri Ramiz Rzayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun müsadirə edilən əmlakı ilə bağlı diqqətçəkən qərar qəbul edib. Belə ki, o, Akif Çovdarovun və digərlərinin əmlakları cinayət yolu ilə əldə edilmədiyini, buna görə də əmlaklarının geri qaytarılması təmin edilib.

Onun bu fikri ictimaiyyətdə birmənalı qəbul edilməyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, məsələyə formal yanaşılsa, qeyri-adi heç nə olmadığı qənaətinə gəlinə bilər:

“Akif Çovdarovun və ya başqa bir məmurun cinayət yolu ilə əldə etdiyi əmlakı onun deyil, ailə üzvünün adınadırsa bu zaman əmlakın geri qaytarılması normaldır. Belə olan təqdirdə Ramiz Rzayevin verdiyi qərar da doğru ola bilər.

Lakin məsələ heç də formal baxılacaq qədər kiçik deyil. Bu məsələ göründüyündən daha mürəkkəbdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda dövlət məmuru, bank rəhbərləri və s. şəxslərə qarşı başladılan istənilən cinayət işi zamanı öncə həmin şəxslərin qohumlarının əmlakına həbs qoyulur. Belə olan təqdirdə də həmin şəxslər cürət edib məhkəməyə müraciət edib əmlakının geri qaytarılmasını istəmir. Çünki onlar da bilir ki, bu əmlak onun deyil və əsl sahibi də bunu qanuni yollarla əldə etməyib.

Bu gün əgər Akif Çovdarov əmlakının geri qaytarılması üçün məhkəməyə müraciət edibsə, deməli, ona bu istiqamətdə göstəriş gəlib. Əks təqdirdə o, özü də buna cəsarət edə bilməzdi”.

Hüquqşünasın sözlərinə görə, A.Çovdarov Azərbaycan hüquq-mühafizə orqanlarına və dövlətçiliyinə ciddi zərbə vuran insandır:

“İndiki məqamda əsas məsələ o və onun kimi məmurların əlindən alınan əmlakını geri tələb etməsi deyil, onların bu qədər malı necə mənimsəməsidir. Məsələ ondadır ki, 2005-ci ildə Azərbaycan BMT-nin “korrupsiyaya qarsı mübarizə konvensiyası”na qoşulub. Konvensiyaya əsasən Azərbaycan öhdəlik götürüb ki, məmurlar əmlakları və gəlirləri ilə bağlı daimi məlumat verməlidir. Bu istiqamətdə ölkə başçısının müvafiq tapşırığı olsa da Nazirlər Kabineti 18 ildir ki, bunu təsdiq etmir.

Nazirlər Kabineti açıq şəkildə qoşulduğumuz beynəlxalq konvensiyanı, Prezidentin tapşırığını icra etməkdən yayınır. Əgər belə bir şey bu gün baş versə idi, Akif Çovdarov kimilər nə bu qədər əmlak əldə edə, nə də indi onu geri ala bilərdi”.

Turan Rzayev
Globalinfo.az