
Bu gün Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində Pərviz Həyatullayev adlı tikinti sahəsinin rəisi ölüb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən həmin şəxsin fotosunu təqdim edir:
***16:23
Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alan şəxslərin son durumu açıqlanıb.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diqanozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır. 1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Aparılan zəruri tibbi yardımdan sonra pasiyentlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***15:19
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.
Bu barədə Globalinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.
Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.
Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.
***14:08
Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb.
Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər.
Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.
Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
Hazırda hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində həlak olan 1982-ci il təvəllüdlü Ayətullayev Pərviz Qəni oğludur.
Eskalatordan sağ çıxarılan şəxslər Qazax rayonu Yuxarı Salahlı kənd sakini Abdullayev Bəxtiyar Nəsib oğlu, Cəbrayıl rayonu Niyazi qullar kənd sakini Salahov Elnur Məhəmməd oğlu və Gədəbəy rayonu Çiçəkli kend sakini Qasımov Bəxtiyar Fazil oğludur.