Ağır Atletika Federasiyası İrəvandan açıqlama yaydı

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Avropa Ağır Atletika Federasiyasına və Beynəlxalq Ağır Atletika Federasiyasına rəsmi bəyanat ünvanlayıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a eksklüziv açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev məlumat verib.

Hazırda İrəvanda olan federasiya rəsmisi baş vermiş hadisə ilə bağlı rəhbərliyin öz mövqeyini bildirdiyini söyləyib: “Beynəlxalq Ağır Atletika Federasiyasının birbaşa prezidentinə, eyni zamanda, Avropa Ağır Atletika Federasiyasına fikirlərimizi bildirmişik, sərt etirazımızı etmişik. Onlardan buna reaksiya verməyi, qərar verməyi tələb etmişik. Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanı beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan millisi Avropa çempionatında iştirakdan imtina edib.

X X X

“Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”.

Globalinfo.az bildirir ki, bunu “Report”a eksklüziv açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev deyib.

O bildirib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması səbəbindən yarışdan imtina edilib:

“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edilib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin bu barədə birgə bəyanatı var. Biz də bu bəyanata uyğun addımlar atırıq. Komandamız Azərbaycana qayıdır. Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir. Hazırda bu istiqamətdə addımlar atılır”.