Agentlik bu məsələlərə maliyyə ayırır – FOTO

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Qadınlar təşkilatı ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Azərbaycanda qadınların ictimai həyatda fəallığından danışan icraçı direktoru Aygün Əliyeva Agentliyin bu çərçivədə elan etdiyi qrant müsabiqələri barədə danışıb.

O bildirib ki, Agentlik mütəmadi olaraq qadın hüquqlarının qorunması ilə bağlı maarifləndirmə, müharibədən əziyyət çəkən qadınlara və uşaqlara sosial-psixoloji dəstəyin göstərilməsi, erkən nikahların qarşısının alınması, gender bərabərliyinin qorunması, gender zəminində zorakılıq ilə mübarizə, qızların təhsildən yayınması halları ilə mübarizə istiqamətində təşəbbüslər və digər aidiyyəti mövzular üzrə maliyyə yardımı ayırır.

Daha sonra Aygün Əliyeva Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci bəndi olan gender bərabərliyinin qorunması istiqamətində BMT-nin Qadınlar təşkilatı ilə əməkdaşlıq perspektivlərinə toxunub.

Agentliyin nümayəndə heyətini salamlayan BMT-nin Cenevre ofisi Qadınlar təşkilatının sədr müavini Adriana Giraldo Agentliyin təşəbbüslərini dəstəkləndiyini və eyni zamanda, BMT təsisatlarının bu qeyd olunan istiqamətlər üzrə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının artırılmasını mühüm olduğunu qeyd edib.