Ağdərə onların şəxsi iddiası ilə ləğv edildi – Deputat

“Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisdə Xocalı rayonunu təmsil edən deputat Elman Məmmədov noyabrın 27-də parlamentin Regional məsələlər komitəsinin iclasında “Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O xatırladıb ki, 1991-ci il noyabrın 26-da Azərbaycan SSRİ Ali Sovetinin sesiyasından Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna xitam verildi, vilayət tərkibində olan rayonlar ləğv edilib və yenidən yaradılıb.

Deputat söyləyib ki, həmin sesiyada iştirak edib: “Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv ediləndə o dövrdəki Azərbaycan rəhbərliyi yatıb qalmışdı. Ermənilər ondan iki ay əvvəl, yəni, 2 sentyabr 1991-ci ildə toplantı keçirib. Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmişdilər və “Artsax” yaratmışdılar. Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olundu. Ağdərə rayonu həmin dövrdə respublika rəhbərliyində təmsil olunan bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edildi”.