Ağdərə və Şuşa haqqında kritik qərar – Səbəb nədir?

Ötən gün Milli Məclisin plenar iclasında “Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Bir qədər əvvəl Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə qərar verilib.

Maraqlıdır, bu dəyişikliklər nədən qaynaqlanır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, sözügedən dəyişikliklərin böyük əhəmiyyəti var:

“Biz artıq bütün Qarabağa nəzarət edirik. Ona görə də Qarabağda daha ciddi layihələr həyata keçirilir. Burada bəzi rayonların yenidən qurulmasına ehtiyac var. Bu həm də tarixi ədalətin bərpası baxımdan xüsusi əhəmiyyət daşıyır.

Belə bir addımın atılması bütövlükdə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün xüsusi önəm kəsb edir. Bu məsələyə çox ciddi və həssas yanaşmalıyıq”.

Siyasi şərhçi Kənan Novruzov qeyd edir ki, inzibati ərazi bölgüsünü şərtləndirən, zərurətə çevirən bir sıra səbəblər var:

“Burada texniki məqamlarla yanaşı regionun infrastruktru, relyefi də nəzərə alınıb. Qanun layihəsi xüsusilə bəzi rayonların müəyyən kəndlərinin digər rayonlara verilməsini nəzərdə tutur. Buna mərkəzə yaxın kəndlər deyil, qonşu kəndlər aiddir. Bu məsələ strateji və təhlükəsizlik baxımdan da əhəmiyyətlidir. Məlum olduğu kimi, Şuşa strateji əhəmiyyətli şəhərdir. Ona görə də qanun layihəsinin əhatə etdiyi ərazilərdən birinin Şuşa olması təbiidir”.

Safura Bənnayeva
Globalinfo.az