Ağdam döyüşlə azad edilsəydi… – Hərbi ekspert

Ağdamın işğaldan azad edilməsinin 3-cü ili tamam olur. Azərbaycanın 10 Noyabr bəyanatından sonra ən böyük siyasi-diplomatik qələbəsi Ağdam, Laçın, Kəlbəcərin azad edilməsi oldu. “Səssiz müharibə” taktikası ilə 3 rayon qaytarıldı.

Bəzi ekspertlər qeyd edirlər ki, üç rayon müharibə yolu ilə işğaldan azad edilsəydi, canlı itkilərimiz həddən artıq çox ola bilərdi.

Üstəlik, Ağdamda düşmən Ordumuza tələ qurmuşdu – ərazi tamamilə minalanmışdı – o zaman necə bir fəlakətli vəziyyətin yarana biləcəyini təxmin etmək mümkündür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi çoxsaylı uğurlu əməliyyat nəticəsində düşmənin Ağdamda yerləşən qüvvələri çıxılmaz vəziyyətdə qaldı:

Ədalət Verdiyev

“Şuşanın azad olunmasından sonra Ermənistan tərəfi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Kapitulyasiya aktı nəticəsində Azərbaycan ordusu kifayət qədər ciddi maneələr ilə qorunan Ağdam şəhərini azad etdi. 27 il işğalda olan Ağdam nəzarətimizə keçdi.

Üç il bundan öncə noyabrın 20-də Ağdamda Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi bir hadisədir. Biz üç ildir ki, Ağdamda bərpa-quruculuq işlərinə başlamışıq. Ağdamın güllə atılmadan işğaldan azad edilməsi nəticə etibarilə Azərbaycanın siyasi-diplomatik və hərbi qüdrətinin nəticəsində mümkün oldu.

Ağdam döyüşlə işğaldan azad edilsəydi, Ordumuz kifayət qədər ciddi itkilər verə bilərdi. Belə ki, bu ərazi minalanmışdı və hərəkət imkanı məhdud idi. Bundan başqa, “Ohanyan səddi” adlanan maneələr zolağı da məhz bu ərazidə qurulmuşdu.

Bu xətti aşmaq itkisiz mümkün olmazdı. Bunları bir yerə cəmləsək, Ağdamın azad edilməsi üçün Azərbaycan tərəfinin itkiləri çox olardı. Laçın, Xankəndi, Əsgəran və digər ərazilərimiz kimi Ağdamın da düşməndən döyüşsüz azad edilməsi böyük bir tarixi nailiyyətdir. Bu gün artıq Ağdam ölkənin dördüncü böyük şəhəri kimi yenidən qurulur”.

Turan Rzayev
Globalinfo.az