ag

“Ağcaqanadlar həyat boyu çikungunya, denge və zika daxil olmaqla təhlükəli virusları daşıya bilər, lakin özləri yoluxmur və xəstəlik əlamətləri göstərmirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Barselona Pompeu Fabra Universitetinin alimləri araşdırma aparıblar.

Tədqiqatçılar ağcaqanad hüceyrələrini çikungunya virusu ilə yoluxduraraq gözlənilməz bir nəticə müşahidə ediblər:

“Virusun genetik materialı hüceyrələrdə aktiv şəkildə toplanırdı, lakin virus zülallarının istehsalı aşağı səviyyədə qalırdı. Halbuki məhz bu zülallar virusun çoxalması və hüceyrəni “ələ keçirməsi” üçün lazımdır.

Bu proses alimlər tərəfindən “translyasiyanın (tərcümənin) bastırılması” adlandırılır. Yəni virus sanki öz fəaliyyətini “azaldır” və yavaş sürətlə çoxalır. Bunun sayəsində ağcaqanad hüceyrələri yaşamağa davam edir, enerji ehtiyatlarını saxlayır və məhv olmur”.

Alimlər qeyd ediblər ki, insan orqanizmində isə proses fərqlidir:

Virus bədənə daxil olduqda hüceyrə mexanizmlərindən sürətlə istifadə edərək öz zülallarını istehsal edir və yoluxmuş hüceyrələri tez məhv edir. Məhz bu, iltihab, yüksək hərarət və xəstəliyin digər simptomlarını yaradır”.

Alimlər həmçinin müəyyən ediblər ki, virus illərlə mövcud ola bilir, ağcaqanad isə sağ qalaraq infeksiyanı yaymağa davam edir.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu kəşf gələcəkdə infeksiyalarla mübarizəyə kömək edə bilər.

Hazırda bu nəticələr yalnız hüceyrə üzərində aparılan təcrübələrə əsaslanır və əlavə tədqiqatlara ehtiyac var.

Günel Cəlil
Globalinfo.az  

Paylaş: