Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn qatıldığı proqramlardan birində deyib ki, ADP sədri Sərdar Cələloğluya, Ümid Partiyasının sədri İqbal Ağazadəyə, AĞ Partiya sözçüsü Cavanşir Abbaslıya seçkilərdə geri çəkilmələri üçün hakimiyyət tərəfindən təzyiqlər, təhdidlər olub.
Globalinfo.az-a bununla bağlı açıqlama verən Cavanşir Abbaslı məsələyə aydınlıq gətirib:
“Çox hörmətli dostumuz Pənah bəyin iki günə 500 imza yığmağımız haqda dedikləri tamamilə doğrudur. Bu barədə mətbuatda da xəbərlər gedib, Gədəbəy ictimaiyyəti də yaxşı bilir. Sadəcə qeydə alınmaya günlər qalanda görürdüm ki, ümumi durum heç də ürəkaçan deyil, insanlara boşuna əziyyət vermək olmaz, gücümüzü gələcəyə saxlayaq. Bu barədə Facebook-da status da paylaşmışam. Yəni şəxsən mənə geri çəkilməklə bağlı ciddi təzyiqlər və təhdidlər olmayıb.
Zatən belə bir halın ola biləcəyini əvvəlcədən duysam, bu proseslərə ümumiyyətlə qatılmazdım. Çünki, ortada Azərbaycan insanının inam və etibarı var idi. Sadəcə düşünürəm ki, bu qərarı verməkdə ən seçimi etdik. Pənah bəy gözəl insandır və dostlarını bu prosesdə görməməsi, bəzilərinin prosesdən geri çəkilməsi bir siyasətçi kimi təbii ki, onu da çox düşündürüb. Təşəkkür edirəm, Pənah bəyə”.
Safura Bənnayeva
Globalinfo.az