Ağ Evdən İsrailə XƏBƏRDARLIQ: Rəfaha hücum fəlakətə səbəb olacaq

ABŞ administrasiyası İsrailin Rəfah şəhərinə qarşı mümkün hərbi əməliyyatlarının fəlakətə səbəb olacağı barədə  xəbərdarlıq edib. Eyni zamanda Ağ Ev belə bir əməliyyata dəstək verməyəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Qəzzadakı son vəziyyəti və İsrailin Rəfaha planlaşdırdığı əməliyyatı dəyərləndirərkən deyib.

Qəzzanın cənubuna doğru yüz minlərlə insanın dar bir bölgədə sıxışıb qaldığını xatırladan Kirbi əlavə edib:

“Biz İsrailin ​​yaxın gələcəkdə Rafəh bölgəsində hərbi əməliyyatlara başlayacağına dair plan görməmişik. Fələstinlilər Rəfah və onun ətrafında mühafizə olunur. Orada çoxlu köçkünlər var. Hazırda bu insanlara qarşı hərbi əməliyyatlara başlamaq əsl fəlakətə çevrilə bilər. Odur ki, biz, bunu dəstəkləmirik”.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel də Bayden administrasiyasının Rəfaha qarşı hərbi əməliyyatı dəstəkləmədiyini vurğulayıb.

Xatırladaq ki, İsrailin müdafiə naziri Yoav Qalant fevralın 1-də verdiyi açıqlamada qurudan hücumların Misir sərhədindəki Rəfah şəhərinə qədər irəliləcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az