Ağ Ev: ABŞ buna görə Rusiyanı terror təhlükəsi barədə xəbərdar edib

“ABŞ terror aktı təhlükəsi barədə Rusiyaya aydın və ətraflı məlumat verib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, Birləşmiş Ştatlar bu terror aktının qarşısını almaq üçün Rusiyaya kömək etməyə çalışıb.

“Martın 7-də Moskva vaxtı ilə saat 11:15-də ABŞ hökuməti prosedurlara uyğun olaraq əvvəllər dəfələrlə istifadə edilən kanallar vasitəsilə Rusiya təhlükəsizlik xidmətinə yazılı xəbərdarlıq göndərib. Bundan əlavə, martın 8-də biz Amerika vətəndaşlarını Moskvada böyük toplantı olan mərkəzlərə və konsert salonlarına getməməyi tövsiyə etmişik”, – Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ öhdəliklərinə ciddi yanaşdığı üçün bu məlumatları Rusiyaya ötürüb.

“Biz heç vaxt terror hücumlarında günahsız insanların ölümünü görmək istəməmişik. Bu, ABŞ-ın 2023-cü ilin sentyabrından bəri Rusiyaya göndərdiyi çoxsaylı xəbərdarlıqlarından biridir. Rusiya hökumətinə və ictimaiyyətinə etdiyimiz xəbərdarlıqda bu hücumun tam məsuliyyətini İŞİD-in daşıdığını açıqladıq. Birləşmiş Ştatlar bundan sonra da terror təhlükəsi barədə bütün dünya hökumətlərini xəbərdar edəcək. Baxmayaraq ki, Rusiya tərəfi günahı Ukrayna və ABŞ-ın üzərinə atmağa çalışır”, – deyə Kirbi vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az