AFFA-nın yeni prezidenti o oldu – FOTO

AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.

Globalinfo.az bildirir ki, İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.

Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.

Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.

X X X

AFFA-nın Hesabat-Seçki konfransında quruma yeni prezident seçilib.

Globalinfo.az xəbər verir ki, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri Rövşən Nəcəf federasiyanın rəhbəri olub.

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf qurumun növbəti konfransında deyib ki, hamının çiyin-çiyinə, əl-ələ verib Azərbaycan futbolunun inkişafı üçün işləməsi zəruridir. İlk olaraq hədəfləri müəyyənləşdirməliyik.

O, qarşıda duran hədəflərdən bəhs edib:

“Mənə göstərilən etimada görə təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanı inkişaf edir. Bu baxımdan futbol da inkişafdadır. Hər an bilməliyik ki, doğru yoldayıqmı, hədəfə çata biləcəyikmi”.

Funksioner uşaq futbolunun inkişafına xüsusi önəm veriləcəyini söyləyib:

“Bundan başqa, azarkeşlərlə də işləməliyik. Avropada gördüyümüz azarkeş marağını Azərbaycan çempionatının matçlarında da müşahidə etmək üçün çalışmalıyıq. Eyni zamanda teleyayımın keyfiyyətinin artırılması üçün müəyyən tədbirlər görməyi vacib bilirik”.

Rövşən Nəcəf qadın futbolunda da uğurlu çıxışın davamı üçün hər cür dəstək nümayiş etdiriləcəyini sözlərinə əlavə edib:

“Bütün bunlar bir günün işi deyil. Necə ki, klub səviyyəsində uğurlar zamanla, zəhmətlə əldə edildi. Milli komandamız FİFA reytinqində layiqli yerdə deyil. Zamanla bunun da düzələcəyinə inanırıq”.

rovsen-necef-affa-nin-prezidenti-secildi

Rövşən Nəcəf

***10:56

UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Avropa futbol qurumu ümumilikdə klublarımıza 23 milyon 222 min 116 manat ödəyib.

Bunlardan 15 milyon 197 min 96 manatı “Qarabağ”a, 2 milyon 196 min 52 manatı “Neftçi”yə, 1 milyon 951 min 89 manatı “Sabah”a, 1 milyon 587 min 66 manatı “Qəbələ”yə, 696 min 264 manatı “Zirə”yə, 569 min 991 manatı “Sumqayıt”a, 515 min 674 manatı “Şamaxı”ya, 508 min 884 manatı “Səbail”ə verilib.

***10:05

AFFA-nın növbəti Konfransına start verilib.

Globalinfo.az bildirir ki, tədbir “Bulvar Marriott Hotel”də təşkil olunur.

Toplantının gündəliyinə 6 məsələ daxildir.

Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.

***09:21

Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı baş tutacaq.

Globalinfo.az xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək tədbirdə milli assosiasiyaya yeni prezident seçiləcək.

Bundan əlavə, qurumun İcraiyyə Komitəsi üçün də seçki təşkil ediləcək.

Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov və İcraiyyə Komitəsinin keçmiş üzvləri iştirak edirlər.

AFFA prezidentliyinə yeganə namizəd “Neftçi”nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.

İcraiyyə Komitəsinə namizədlər isə aşağıdakılardır:

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən

2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən

4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Qeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.