AFFA dövlətin ayırdığı vəsaitin əcnəbi futbolçulara xərclənməsinə qadağa qoyacaq? – AÇIQLAMA

Klublar Komitəsinin (KK) bir müddət əvvəl keçirilən iclasından sonra açıqlanıb ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) dövlətin Premyer Liqa təmsilçilərinə ayırdığı üç milyon manatlıq yardımın legioner futbolçuların transferinə, eyni zamanda onların məvaciblərinin ödənməsinə sərf olunmasına qadağa qoymaq istəyir.

Globalinfo.az xəbər verir ki, KK bununla bağlı bəyanat yayıb, narazılığını ifadə edib. Klublar hesab edirlər ki, bu, uğurlu qərar deyil və komandaların səviyyəsinin enməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı AFFA-dan hər hansı reaksiya olmayıb. İctimaiyyət klubların açıqlamaları əsasında planlaşdırılan qadağanı müzakirə etməklə kifayətlənməli olub.

Bunu nəzərə alıb, assosiasiyanın mövqeyini öyrəndik. Həqiqətən, AFFA İcraiyyə Komitəsinin (İK) 7 mart tarixli iclasında belə bir təklif irəli sürülübmü? AFFA qadağa qoymağı düşünürsə, bunun Azərbaycan futboluna hansı faydalarının olacağı gözlənilir və hansı arqumentlər gətirilir?

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Oxu.az-a bildirib ki, klublara belə bir qərarın qəbul edilməsinin planlaşdırıldığı barədə məlumat verilib:

“Hər hansı qərar yoxdur. Məsələ İK-nın gündəliyinə də daxil edilməyib. Amma klublara bununla bağlı informasiya xarakterli deyilib ki, belə bir qərarın qəbul edilməsi planlaşdırılır”.

Firuz Abdulla planlaşdırılan qərarın arxasında hansı səbəblərin dayandığı barədə danışmaq səlahiyyətinin olmadığını söyləyib.

AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü, eyni zamanda Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə məsələnin gələcəkdə müzakirə olunacağını bildirib. Lakin onun fikrincə, klublara hər hansı qadağa qoyulmayacaq:

“Son iclasda bu məsələ qabardıldı. Bildirildi ki, klubların belə bir bəyanatı var. Məncə, məsələ gələcəkdə müzakirə olunacaq. Hələ detallı müzakirələr olmayıb. Məşqçilər Komitəsi ilə öz aramızda danışmışıq. Amma gələcəkdə müzakirə ediləcək. Hər birimiz futbolumuzun inkişafını istəyirik. İnanıram ki, düz qərar qəbul edəcəyik. Mənim öz fikirlərim var. İstəyirəm ki, qəbul olunan qərarlar yalnız futbolun inkişafına xidmət etsin. Hesab edirəm ki, indiyə qədər xeyli boşluqlar buraxmışıq. Artıq elə boşluqlara imkan verməməliyik. Hər müzakirəyə çıxan məsələni dəqiq təhlil edib futbolun inkişafı üçün çalışmalıyıq. Mən hesab edirəm ki, hansısa qadağadan söhbət gedə bilməz”.