AFFA İntizam Komitəsi “Sumqayıt” klubunu 2 400 manat məbləğində cərimələyib.
Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, buna “gənclik şəhəri” təmsilçisinin futbolçusu Vüsal İsgəndərlinin Şamaxıda eyniadlı komandaya 2:4 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırması səbəb olub.
Qərara əsasən, stadiona dəymiş ziyanı qonaq komanda ödəyəcək. 27 yaşlı yarımmüdafiəçiyə isə 1 oyunluq cəza verilib.
“Neftçi” – “Qəbələ” (2:0), “Kəpəz” – “Turan Tovuz” (0:0) və “Sabah” – “Qarabağ” matçlarında (0:0) meydana kənar şəxslər daxil olduğu üçün hər klub ayrılıqda 1 600 manat cərimə olunub.
“Qəbələ” və “Turan Tovuz” komandaları 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə əlavə 800 manat cərimə ödəyəcək.
Bundan başqa, “Sabah”la səfər oyununda 54 oturacağı sındıran “Qarabağ” azarkeşləri klubu ziyana salıb. “Köhlən atlar” stadiona dəymiş maddi ziyanı tam qarşılamalıdır.