Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu oktyabrın 30-da Ağcabədi şəhərində gerçəkləşib.
Mədəniyyət Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, qəbuldan öncə nazir Adil Kərimli və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbulda Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qeyd edək ki, qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlər diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb.