Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublikanın Təhlükəsizlik Şurasının 18 yaşlı katibi Adam Kadırov yenidən yol hərəkəti qaydalarını pozmaqla gündəmə gəlib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, “Instagram” sosial şəbəkəsindəki hesabında avtomobil idarə etməsi ilə bağlı video paylaşıb.
Kadrlarda onun yol hərəkəti qaydalarının eyni zamanda bir neçə maddəsinin tələblərini pozduğu görünür. Belə ki, videoda onun qoşa xəttin tələblərini pozaraq qarşı zolağa çıxdığı, sürət həddi 50 km/saat olan yolda avtomobili 112 km/saat sürətlə idarə etdiyi, təhlükəsizlik kəmərini taxmadığı və sükan arxasında telefondan istifadə etdiyi diqqət çəkir. Onun yanında isə MMA döyüşçüsü Turpal-Əli Edilovun əyləşdiyini görmək mümkündür.
Rusiya mətbuatı yazır ki, yol hərəkəti qaydalarının müvafiq maddələrinin pozulmasına görə sürücülük hüququndan məhrumetmə cəzası nəzərdə tutulub.
Həmin görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olsa da, hələlik məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, bu, Adam Kadırovun yol hərəkəti qaydalarını pozması ilə bağlı ilk hadisə deyil. Bu ilin yanvarında onun olduğu kortej Qroznıda ağır qəza törətmişdi. Hadisə nəticəsində yaralanan Adam Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş və Moskvaya təxliyə edilmişdi. Sosial şəbəkələrdə yayılmış görüntülərdən A.Kadırovun kortejinin yüksək sürətlə hərəkət etdiyi məlum olmuşdu. Hadisə nəticəsində 1 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb.
