ADA Universitetindəki təlim haqda yeni açıqlama: “Əsas hədəflər bəllidir”

Xəbər verdiyimiz kimi ADA Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Layihənin idarə edilməsinin əsasları” təliminin bağlanış mərasimi olub. Təlimdə son illər yaranmış 100-ə yaxın QHT iştirak edib.

Baş tutan təlimlə bağlı Globalinfo.az-a danışan “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, QHT Agentliyinin və ADA-nın təşkilatçılığı ilə keçirilən iki günlük təlim yeni yaradılan QHT-lər üçün böyük əhəmiyyəti var:

“Təlimi keçənlər öz sahəsində birinci olan şəxslərdir. Təlimdə iştirak edənlər üç qrupa (A,B,C) ayrılmışdı. Hər üç qrupdakılar öz sahəsi barədə məlumatlı insanlardır.

Təlim çox maraqlı keçdi. 30-dan çox nümayəndə iştirak edirdi. Sual-cavab formasında baş tutan təlimdə layihənin necə idarə olunması haqqında məlumat əldə etdik. QHT nümayəndələri arasında tanışlıq da baş tutdu. Bu cür təlimlərdə əhəmiyyətli məlumatlar əldə edirik“.

“Sağlam təbiət, sağlam həyat” İctimai Birliyinin Həmtəsisçisi Vüqar Hüseynov isə qeyd edib ki, təlim olduqca maraqlı, lazımlı və məhsuldar oldu:

“Bu kimi təlimlərin tez-tez baş tutması əhəmiyyətlidir. Zaman dəyişdikcə az qazancla fəaliyyətin davam etdirilməsi kimi sistemlərin yaradılmasında da təkliflərin dəyərləndirilməsi, fikirlərimizin bölüşdürülməsinə də hazırıq”.

“Qlobal” Media və Siyasət Araşdırmaları Mərkəzinin sədri Azər Ayxan (Abbasov) təlimlərin təşkilini bir neçə istiqamətdən dəyərləndirib:

“Təlim peşəkarlıq baxımdan çox yüksək səviyyədə təşkil olunmuşdu. Demək olar, təlim çərçivəsində hər şey nəzərə alınmışdı. Təlimi aparan şəxslərin bilikləri, təcrübələri, savadlılığı isə xüsusi diqqət çəkirdi. Bizim təlimçimiz Ceyhun Məmmədbəyli idi. Onun şəxsi keyfiyyətləri, intellekti və təcrübəsi, həmçinin auditoriya ilə təmas qurmaq bacarığı təqdirəlayiqdir. Sevinirəm ki, ölkəmin bu cür qiymətli mütəxəssisləri var. Onlar Azərbaycanı həm də beynəlxalq səviyyədə layiqincə təmsil edirlər”.

Azər Ayxan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin son iki ildə gördüyü işləri də məmnunluqla izlədiyini deyib:

“Agentliyin əsas hədəflərindən biri şəffaflığı qorumaq və peşəkarlığı artırmaqdır. Vətəndaş cəmiyyəti institutunun hərtərəfli inkişafı və müasir çağırışlara cavab verməsi üçün QHT Agentliyi və rəhbərliyi var gücü ilə çalışır. Bunu görməmək mümkün deyil. İnanıram ki, bu cür təlimlərlə və digər vasitələrlə Azərbaycanda vətəndaş cəmiyyəti institutu tezliklə lazım olduğu səviyyəyə çatacaq və tam sağlamlaşdırılacaq”.

 

Safura Bənnayeva
Globalinfo.az