“Ad gününə Şuşa hədiyyə almış adamam” – Anar Niftəliyevlə yubiley söhbəti

Noyabrın 7-də tanınmış jurnalist, Axar.az saytının baş redaktoru Anar Niftəliyevin 50 yaşı tamam oldu.

Globalinfo.az Anar Niftəliyevlə qısa müsahibəni təqdim edir:

– Anar bəy, 50 illik yubileyinizdir. Təbrik edirik! Maraqlıdır, ən yaddaqalan təbrik kimdən gəldi?

– Hamının təbriki gözəldir. Əgər söz içdən, könüldən gəlirsə, bircə “təbrik” də xoş iz buraxır. Uşaqlarımızın sürprizi isə heyrətləndirdi – yəqin gördünüz o xalçanı…

– Anar Niftəliyev 30 ildir jurnalistikadadır. Dövlət tərəfindən təltif olunmaq istəyərdinizmi? Hər halda zəhmətinizin qarşılığını görmək xoş olardı.

Şəkilin açıqlaması yoxdur.

– 30 yox, 32-ci ilə qədəm qoyur (gülür). Aynur xanım təbrikində gözəl bir söz yazıb. “Ad gününə Şuşa hədiyyə almış adam!” Bu möcüzə-mükafatı alan adam bir yox, min ömür duaçıdır.

– Siz bir az qapalı adamsınız. Ad gününüzü necə qeyd edəcəksiniz?

– Ailəmizdə 50 yaşa çatan ilk şəxsəm. Ailə daxilində qeyd edəcəyik.

Qeyd edək ki, Anar Mahmud oğlu Niftəliyev 7 noyabr 1973-cü ildə Şamaxı şəhərinin Şıxvərli kəndində anadan olub. O, 1990-cı ildə Bakı şəhəri 25 saylı orta məktəbi, 1995-ci ildə isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Daha sonra AMEA Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alan A.Niftəliyev müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində və bir neçə qəzetdə çalışıb. 2013-cü ildən “Axar.az” xəbər portalının baş redaktorudur.

Eyni zamanda A.Niftəliyev Azərbaycan Dil Qurumu İctimai Birliyinin həmtəsisçisi və icraçı direktorudur. 17 elmi məqaləsi elmi dərgilərdə dərc olunub.

Anar Niftəliyev tənqidçi Elnarə Tofiqqızı ilə ailə qurub. Lakin 2013-cü il sentyabrın 20-də E.Tofiqqızı həkim səhlənkarlığından dünyasını dəyişib. O, həm də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı idi. Onların iki qız övladı var.

Globalinfo.az kollektivi olaraq dəyərli jurnalist Anar Niftəliyevi 50 illik yubileyi münasibəti ilə təbrik edirik. Ona sağlam can, uzun ömür, bol uğur diləyirik.

Zaira Akifqızı
Globalinfo.az