ABŞ və Rusiya generallarının danışıqlarının gizli məqamları – İndən belə nə olacaq?

ABŞ və Rusiyanın müdafiə nazirləri, həmçinin Baş Qərargah rəisləri arasında telefon danışığı olub. ABŞ tərəfinin təşəbbüsü ilə baş tutduğu deyilən danışıqlarda əsas mövzunun Qara dəniz üzərində Amerikaya məxsus “MQ-9 Reaper” pilotsuz uçan aparatı ilə bağlı yaşanan insidentin olduğu bildirilir.

Həmçinin Ukraynada davam edən müharibənin də danışıqların predmetlərindən biri olduğu istisna edilmir. İki ölkə arasında yaşanan gərginlik və baş tutan danışıqlar müharibənin taleyinə hansı formada təsir edə bilər?

Danışıqların detallarını Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov müharibənin tezliklə başa çatmasının ABŞ-ın maraqlarına uyğun olmadığını bildirib:

 

Samir Hümbətov

“Təbii olaraq danışıqların əsas predmetlərindən birinin Ukrayna məsələsi ilə bağlı olduğu qeyd edilir. Hər kəsə aydındır ki, bu müharibə Rusiya ilə Ukraynadan daha çox, Qərb və Şərq arasındakı müharibədir. Yəni Rusiyanın arxasında Çinin, Ukraynanın arxasında isə Qərb ölkələrinin dəstəyi var. Ona görə də ABŞ və Rusiya arasında istənilən səviyyədə keçirilən müzakirələrdə əsas mövzunun Ukraynada davam edən müharibə ilə bağlı olduğunu düşünürəm. Amma hələ ki, müharibənin bitməsi ehtimalı real görünmür. Çünki ABŞ-ın bu gün Avrasiya materiki ilə bağlı əsas məqsədi Rusiyanın tamamilə zəiflətməkdir.

S.Hümbətov Rusiya-Ukrayna müharibəsinin hələ uzun müddət davam edəcəyini söyləyib:

“Hazırkı vəziyyətdə müharibənin başa çatdırılmasının yeganə yolu Rusiya qüvvələrinin Ukrayna ərazilərindən tamamilə çıxarılmasıdır ki, bunun yaxın zamanda olması mümkün görünmür. Nəticə olaraq bu müharibənin hələ uzun müddət davam edəcəyi ehtimalları heç kimi təəccübləndirmir.

Belə görünür ki, danışıqlarda ABŞ Ukraynaya dəstəyini davam etdirəcəyini bir daha bəyan edib. Rusiya da heç nədən çəkinmədiyini və müharibəyə davam edəcəyini açıqlayıb. Konkret olaraq deyə bilərik ki, tərəflər öz məqsədlərinə çatana kimi müharibəni dayandırmayacaqlar”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti martın 14-də PUA-nın rusiyalı pilotun səhvi ucbatından qəzaya uğradığını açıqlayıb. Daha sonra Rusiya səfiri Anatoli Antonov ABŞ Dövlət Departamentinə çağırılıb.

Ayşən Mustafa
Globalinfo.az