60e6bbd01cd24

HƏMAS lideri İsmayıl Haniyənin ölümündən bir aydan artıq vaxt keçməsinə baxmayaraq İran elan etdiyi şəkildə İsrailə hücum etmədi. Hər gün müharibə anonsu səslənsə də, nə Tehrandan səs var, nə də İsrailin cavab zərbəsi.

Ekspertlərin bir qismi müharibə riskinin olmadığını desə də, yaxın günlərdə İranın sürpriz hücumla İsrail müdafiə sistemlərini sıradan çıxaracağını iddia edənlər də var.

İran niyə İsrailə hücum etmir? Tehranın səssizliyi Təl-Əvivi cəsarətləndirə bilər? Prosesin gələcəyi necə olacaq?

Globalinfo.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçisi Əli Zülfüqaroğlu bildirib ki, ABŞ İsrailin İran tərəfindən “hücum təhlükəsi” altında olduğunu, regional gərginliyi azaltmağa ehtiyac duyulduğunu bildirir:

“İlk növbədə həm İsrailin, həm də İranın teokratik rejim olduğunu bilməliyik. İndiki məqamda durum fərqlidir. Sionizm ideologiyasının daşıyıcıları olan qatı dindarlardan formalaşan İsrail hökuməti Qəzzada bataqlığa girib. Nəticədə İsrail dövlətçiliyini təhlükəyə salıb. Bu da İsrail daxilində hökumətə qarşı etirazları artırıb və beləliklə də hökumətin dayaqları sarsılıb, Netanyahunun gələcək taleyi sual altına düşüb. Buna görə də Netanyahu və hökuməti xilas yolunu dövlət maraqlarını qurban verərərək Yaxın Şərqi cəhənnəmə çevirmək istəyir.

 

eli zulfuqaroglu

Əli Zülfüqaroğlu

Bunun konkret səbəbləri var. İlk növbədə anlamalıyıq ki, sionizm ideologiyası İsrailin genişlənməsini əsas götürür və bu siyasətdən heç bir halda geri çəkilməyəcəklər. Qəzzanın yerləbir edilməsində, əhalisinin köçə məcbur olunmasında da məqsəd budur”.

Politoloq deyib ki, bu siyasət ilk növbədə İsrailin özünü təhlükəyə atır:

“Netanyahu bilir ki, indiki məqamda gərginlik səngiyərsə o zaman  hakimiyyətdən gedəcək və məhkəmədə cavab verməli olacaq. Buna görə də əvvəldə daxildə etirazları yatırmaq və problemləri arxa plana keçirmək üçün İsrailin “xarici düşmənlərin təhdidi”nə qarşı “uğurlu” fəaliyyətinin propoqandası aparılır. Digər tərəfdən müharibə davam edərsə, ABŞ-ın hazırkı hökuməti səs itirəcək və Trampın hakimiyyətə gəlmə şansı artacaq. Netanyahu da hesab edir ki, Tramp hakimiyyətə gələrsə, o zaman özünü, eyni zamanda daşıyıcısı olduğu və artıq qırılma nöqtəsinə çatan ideoloji xətti davam etdirə biləcək. Onun ABŞ səfəri zamanı Trampla görüşü və ondan sonra İsrailin təhrikedici addımlar atması da bu arqumenti gücləndirir. Əgər İran İsraillə müharibəyə girərsə, o zaman İsrailin ssenarisinə uyğun hərəkət etmiş olur. Çünki ABŞ İranla birbaşa toqquşmaya getməyə məcbur olur ki, nəticədə Netanyahu istədiyinə çatır. Bəllidir ki, İsrail Suriyada İran konsulluğunu vurmaqla, Qasım Süleymaninin anma törənindəki terror aktını həyata keçirməklə (İran belə iddia edir), eyni zamanda son olaraq Tehranda HƏMAS-ın siyasi qanadının lideri Haniyəni qətlə yetirməklə İranı müharibəyə cəlb etməyə çalışır. ABŞ-dan Haniyənin öldürülməsinə mənfi reaksiya da təsadüfi deyil. Çünki HƏMAS-la Haniyə vasitəsilə danışıqlar aparılırdı. Onun öldürülməsi ilə mümkün sülh danışıqlarının üzərindən xətt çəkildi. İranın müharibəyə girməsi isə Tehranın özünün, Rusiyanın, Çinin, Türkiyə və ABŞ-ın maraqlarına uyğun deyil. Paradoksal olsa da, hazırda bu məqamla bağlı ABŞ və İran hökumətinin maraqları üst-üstə düşür”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, hazırda ABŞ və İran Netanyahunun hakimiyyətdən getməsinə çalışır:

“Buna görə də İran İsrailin təhdidlərinə uymur, təmkinli davranır. Birləşmiş Ştatlar da bölgəyə əlavə qüvvələr cəlb etməklə İranı mümkün hücumlardan çəkindirməyə çalışır. Çox maraqlıdır ki, həm ABŞ, həm də İran İsrail hökumətinə qarşı psixoloji müharibə aparır. Yəni İran İsrailin əhalisini təşviş altında saxlayır, beləliklə də bunun günahını Netanyahuda axtaran İsrail xalqının ona qarşı aqressiyası daha da artır. Nəticədə etiraz dalğası genişlənir. Buna görə də İran ağıllı hərəkət edərək, ABŞ-ı qarşısına almaq əvəzinə, onunla koordinasiyalı hərəkət edir. Ona görə də ABŞ-dakı seçkiyə qədər Ağ Ev Netanyahunu mümkün qədər tez devirməyə çalışacaq ki, bu da İranın maraqlarına uyğundur. Netanyahu isə əksinə, gərginliyi artırmaqla demokratların hakimiyyətdən getməsi üçün hər şey edəcək. İlk növbədə “Hizbullah”la müharibə vəziyyətini davam etdirəcək. Bu baxımdan deyə bilərik ki, əgər İran İsrailə birbaşa zərbə endirəcəksə belə, bunu ABŞ-la razılaşdıracaq və İsrailə az zərər verməyə çalışacaq. Yəni birmənalı olaraq deyə bilərik ki, İran-İsrail müharibəsi olmayacaq ki, ABŞ-İran toqquşması baş versin”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: