ABŞ Ukraynanı taleyin ümidinə buraxır – Bayden yardım paketini təsdiqlədə bilməsə…

ABŞ Prezidenti Co Bayden Konqresdə çıxışı zamanı deyib ki, ABŞ Konqresi qanunvericiləri ayın ortasında Milad tətilinə getməzdən əvvəl Ukraynaya yardım paketini təsdiqləməlidir. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya yardımdan imtina etməsi Avropanın Kiyevə dəstəyini təhlükə altına atacaq. Lakin Respublikaçılar Ukraynaya dəstəyin verilməsinin əleyhinədir.

ABŞ rəsmi Kiyevə dəstəyi dayandıracaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov qeyd edib ki, ABŞ Rusiya-Ukrayna müharibəsindən əvvəl də rəsmi Kiyevə yardım edirdi:

“Ukraynanın müharibəyə girməsinə də ABŞ səbəb oldu. Bu günə qədər də böyük miqdarda həm maliyyə, həm də hərbi yardımını davam etdirir.

Amerika həm iqtisadi, həm də hərbi gücünə görə dünyanın hegemon ölkəsidir. Rusiya ən çox nüvə silahına malik ölkə olduğu üçün ona qarşı çox ciddi addımlar atılmır. Bu səbəbdən Ukraynaya daha öldürücü, genişmiqyaslı silahlarını vermir. “F-16” təyyarələrinin verilməsi öhdəliyi götürülsə də proses tam icra olunmur.

Müharibə uzandıqca texniki çatışmazlıqların artmasının da şahidi oluruq. Növbəti ildə Amerikanın Ukraynaya yardım edəcəyi gözlənilir. ABŞ rəsmiləri dəfələrlə qeyd edib ki, Ukraynanın müharibədə məğlub olmasına icazə verməyəcəklər. Mövcud münaqişə ilə paralel Yaxın Şərqdə də müharibənin başlaması ilə ABŞ-da dəstək mövzusunda narazılıqları da artırdı. Co Bayden rəsmi Kiyevə dəstəkdən imtina edərsə, növbəti prezident seçkilərində uğur qazana bilməyəcək. Amerika yardım paketini təsdiq etməzsə, prezident bu prosesi öz səlahiyyətlərindən istifadə edərək yoluna qoyacaq”.

Safura Bənnayeva
Globalinfo.az