
İsrail rəsmiləri ABŞ Prezidenti Donald Tramp administrasiyasına İranın nüvə proqramının əsas hissələrini sökməklə bağlı razılığa gəlməsi üçün təqdim olunan iki həftəlik müddəti gözləmək niyyətində olmadıqlarını bildiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters”ə iki mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Kats və Silahlı Qüvvələrin rəhbəri Eyel Zamir ABŞ rəsmiləri ilə gərgin telefon danışığında iştirak ediblər. Danışıq zamanı israillilər İranın nüvə obyektlərinə hücum üçün məhdud zamana malik olduqlarını və vaxt itirməməli olduqlarını bildiriblər.
Söhbət İranın nüvə proqramının tacı hesab edilən Fordo obyektindən gedir. ABŞ bu hədəfi məhv etmək üçün yetərli gücdə olan “sığınacaq dağıdıcı” GBU-57 bombalarına sahib yeganə ölkədir.
Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi ABŞ-ın B-2 bombardmançı təyyarələrini Sakit okeandakı Quam adasına köçürdüyünü bildirib. Bu təyyarələr sözügedən bombaları daşımaq imkanına malikdir və bu, ABŞ-ın hücumda birbaşa iştirak edəcəyi ehtimalını gücləndirir.
Vaşinqtondakı mənbənin sözlərinə görə, İsrail Tramp administrasiyasına bildirib ki, Trampın müəyyən etdiyi iki həftəlik zaman aralığı çox uzundur və daha təcili hərəkətə keçmək lazımdır.
Telefon danışığı zamanı ABŞ-ın vitse-prezidenti Cey Di Vens İsrailin planlarına qarşı çıxaraq ABŞ-ın birbaşa münaqişəyə qarışmasının əleyhinə olduğunu bildirib və İsraili ABŞ-ı savaşa sürükləməkdə günahlandırıb. Müzakirədə ABŞ müdafiə naziri Pit Heqset də iştirak edib.
Aysel Əliyeva
Globalinfo.az