“ABŞ hər nə qədər Ukrayna-Rusiya müharibəsi gedişində rəsmi Kiyevə açıq dəstək versə də Moskva ilə diplomatik kanalları tam olaraq qapatmaq istəmir. Ümumiyyətlə ABŞ müharibənin uzun müddət davam etməsində maraqlı deyil. Buna görə də ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Rusiya ilə danışıqlara başlamağa hazır olması istiqamətində müsbət siqnallar verir”.
Bu sözləri Globalinfo.az-a politoloq İlqar Vəlizadə ABŞ dövlət katibi Entoni Blinkenin ölkəsinin Rusiya ilə müəyyən məsələlərdə danışıqlara başlamağa hazır olması haqda sözlərini şərh edərkən deyib.
“Hesab edirəm, tərəflər arasında hazırkı mərhələdə danışıqlara ehtiyac duyulan üç mövzu var:
Birinci nüvə silahı məsələsidir. ABŞ və Rusiya münasibətləri hər nə qədər gərgin olsa da iki ölkə arasında nüvə silahından istifadəyə dair razılaşma var. Dəyişən şərtlər bu razılaşmanı poza və ya müddəalarını dəyişə bilər. Vaşinqton Kremlin razılaşmasını pozmasından ehtiyat edir və buna görə də bu məsələ barəsində danışıqlara ehtiyac duyur.
İkinci, beynəlxalq təhlükəsizlik məsələsidir. Düzdür, bu, iki ölkə arasında tez-tez müzakirə edilən standart mövzu olsa da mövcud Rusiya-Ukrayna müharibəsi fonunda yenidən müzakirələrin keçirilməsində fayda var.
Üçüncü, hərbi əməliyyatların genişlənməsi riskləridir. Bu gün müharibə daha çox Ukrayna ərazisində gedir və rəsmi Kiyev müharibəni həm də Rusiya ərazilərinə keçməsini istəyir. Bu isə ABŞ-ın maraqlarına uyğun deyil. Vaşinqton fərqindədir ki, belə bir hal Rusiyanı daha da aqressivləşdirəcək və bu müharibənin seyrini nəzarətdən çıxaracaq. Buna görə də bu məsələnin də müzakirəyə ehtiyacı var”.
Xatırladaq ki, ABŞ dövlət katibi Entonu Blinken bu sözləri Rusiya ilə ABŞ arasında dustaq mübadiləsi kontekstində bildirib. ABŞ-ın baş diplomatına Moskva və Vaşinqton arasında rusiyalı Viktor Butun amerikalı Britni Qrinerlə mübadiləsinə dair razılaşmaların ikitərəfli münasibətlərdə dəyişiklik potensialının olduğunu göstərib-göstərmədiyi sualı verilib. Blinken cavabında deyib ki, geniş münasibətlərdə yaranmış problemlərə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə baxmayaraq, irəliləyişə nail olmaq üçün konkret məsələlər, müəyyən maraqlar üzərində işləyə bilərlər”.
E.Blinkenin bu sözləri yalnız dustaq mübadiləsi ilə çərçivələnməyə bilər. İki ölkə arasında diplomatik-siyasi danışıqların başlaması, müəyyən anlaşmaların əldə edilə biləcəyi istisna olunmur. Ekspertlərin qənaətinə görə, ABŞ-Rusiya danışıqlarının Ukrayna müharibəsi mövzusu ətrafında başlayacağı mümkündür.
Turan Rzayev,
Globalinfo.az