ABŞ Prezidenti Donald Trampın Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdə onu müşayiət edəcək nümayəndə heyətinin tərkibi bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Trampın səfərində onu ABŞ dövlət katibi Marko Rubio, nazirlər Skott Bessent və Hovard Lutnik, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff və xüsusi elçi Stiven Vitkoff müşayiət edəcəklər.
Nümayəndə heyətinə həmçinin ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evin aparat rəhbəri Syuzan Uayls və onun müavinləri Ceyms Bleyr, Bo Harrison, Den Skavino daxildir. Səfərdə kommunikasiya məsələləri üzrə direktor, mətbuat katibi və prezidentin köməkçiləri Stiven Çun, Karolin Levitt və Nik Luna da iştirak edəcəklər.
Prezident Trampın spikeri Ross Vorthinqton və köməkçisi, eyni zamanda Ağ Ev aparatının icraçı katibi və hüquqşünas Vill Skarf da nümayəndə heyətində yer alıblar.
Qeyd edək ki, Alyaskadakı sammit çərçivəsində Tramp və Putin arasında bir sıra ikitərəfli məsələlərin müzakirə olunacağı gözlənilir.
Əliyar Xəlil