ABŞ-dan mühüm qərar: Ukraynaya bu silahlar göndərilir

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60 milyard dollarlıq yardımı nəzərdə tutan qanun layihəsini qəbul etdi. Bu layihə Senatın da filtrindən keçsə və ardınca Prezident Co Bayden tərəfindən imzalansa, Ukrayna növbəti yardım paketini əldə edə biləcək.

Sənəd qəbul edilsə, ABŞ-ın Ukraynaya hərbi yardımı, o cümlədən uzaqmənzilli ATACMS raketləri dərhal Ukraynaya göndəriləcək.

Maraqlıdır, bu, Rusiya-Ukrayna müharibəsinin gələcəyinə nə kimi təsir edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, bu qanun layihəsinin təsdiqlənməsi və ATACMS taktiki ballistik raketlərinin Ukraynaya verilməsi müharibənin gedişatına təsir edə biləcək önəmli qərardır:

“Amma bu eyni zamanda Qərb-Rusiya qarşıdurmasının daha da kəskinləşməsi ilə paralel olaraq Rusiyanın Ukraynaya münasibətdə daha aqressiv addımlar atmasına gətirib çıxara bilər. Belə ki, nəticə etibarilə birləşmiş Qərbin bugünə qədər Ukraynaya ayırdığı yardımların heç bir halda Rusiya üzərində çəkindirici təsirlərə malik olmadığını aydın şəkildə müşahidə etmək mümkün olub.

İndiki mərhələdə isə ABŞ-ın Ukraynaya 60 milyard dollarlıq və ya sonrasında daha yüksək məbləğlərdə yardım ayırması müharibənin Ukraynanın ərazi bütövlüyü ilə nəticələnməsini hədəfləyirmi sualının cavabı daha çox önəm kəsb etməlidir. Çünki bu yardımlar təəssüflər olsun ki, Ukraynanın qalibiyyətinin və ya ərazi bütövlüyünün təmin olunmasının zəmanəti olmamaqla yanaşı mövcud status-kvonun qorunub saxlanılmasını hədəfləyir”.

Turan Rzayev
Globalinfo.az