ABŞ Rusiya ilə gələcəkdə “Qazprom”la beynəlxalq layihələrdə əməkdaşlıq imkanlarını müzakirə edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blomberq” agentliyi məlumat yayıb.
“Proses ilkin mərhələdədir. Bu, Rusiyanın Çin və İranla əlaqələrini zəiflətmək üçün ABŞ-ın daha geniş səylərinin bir hissəsi ola bilər. Hər iki tərəfdən danışıqlarda konkret kimin iştirak etdiyi hələlik bəlli deyil”, – deyə agentlik bildirib.
Məlumata görə, ABŞ-Rusiya arasında qaz razılaşması əldə olunarsa, bu, Vaşinqtonun enerji siyasətində əhəmiyyətli dəyişikliyə səbəb ola bilər.
Bundan əlavə, “Financial Times”ın yazdığına görə, “Şimal axını 2” operatorunun baş icraçı direktoru və Vladimir Putinin yaxın adamı Mattias Uorniq amerikalı investorların dəstəyi ilə boru kəmərini yenidən işə salmağa çalışır:
“Bu addım Ukraynadakı münaqişəyə son qoymaq və Tramp administrasiyası dövründə ABŞ və Rusiya arasında iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır. Lakin planı həyata keçirmək üçün Amerika sanksiyaları ləğv etməli, Rusiya qaz satışının bərpasına icazə verməli, Avropaya qaz tədarükü üçün Almaniyadan razılıq alınmalıdır”.
Günay Rəsulqızı
Globalinfo.az