İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı danışıqlar aparmaq üçün gələn ay Vaşinqtona gedəcək. Məlumata görə, beynəlxalq hərbi koalisiya qüvvələrinin İraqdan çıxarılması 2025-ci ilin sentyabrında başlayacaq. Qüvvələrin 2026-cı ilin sentyabrında İraq Kürdüstanının ərazisini tərk edəcəyi planlaşdırılır.
Hesab edilir ki, ABŞ qoşunları İraqı tərk etdikdən sonra kürdlər bu güc boşluğundan istifadə edib, müstəqil olmaq istəyəcəklər.
Bu versiya nə qədər mümkündür? Yaxın Şərqdə müstəqil Kürdüstan yarana bilərmi? Türkiyənin buna reaksiyası necə olar?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, ABŞ qoşunlarını İraqdan beynəlxalq koalisiya tərkibində çıxaracaq:
“Bununla belə ABŞ-ın İraq ərazisində bazası qalacaq. Bu, gələcəkdə İraq hökuməti ilə rəsmi Vaşinqton arasında müqavilə ilə tənzimlənəcək. O ki qaldı İraqın şimalında hansısa etnik qrup üçün dövlətin yaradılmasına, bunun üçün ilk addım atılıb.
Ölkənin şimalında kürdlərin muxtariyyəti var. Bir neçə il öncə kürdlər müstəqil olmaq üçün referendum keçirməyə cəhd etdilər. Türkiyə və İran bunun baş tutmaması üçün ciddi təzyiq etdi. Nəticədə referenduma nail ola bilmədilər.
Sədrəddin Soltan
Sonrakı dövrdə bu niyyətlərindən əl çəkdilər. Ehtimal etmirəm ki, İran, Türkiyə və İraqın Kürdüstanın yaranması ilə bağlı mövqeyində dəyişiklik olsun. Xüsusilə Türkiyə və İran İraqın ərazi bütövlüyünün tərəfdarıdır. Onların razılığı olmadan qeyd edilən istiqamətdə uğur əldə edilməsi mümkün deyil.
Türkiyənin regionda mövqeyi yeni quruluşların yaranmasına qarşıdır. Misal üçün Suriyanın şimalında PKK və onun yerli qolları seçki keçirmək istədi. Yəni bir növ İraqın şimalındakı kimi muxtariyyət əldə etmək istəyirdilər, Ankara buna da izin vermədi.
Türkiyə nə İraqın, nə də Suriyanın bölünməsinin tərəfdarıdır. ABŞ-ın regionda varlığından asılı olmayaraq, Türkiyə bu mövqeyini qoruyacaq”.
Turan Rzayev
Globalinfo.az