ABŞ-ın versiyası: Müharibədən sonra Qəzza zolağı belə idarə olunacaq

“Fələstin münaqişədən sonra Qəzzanın gələcəyi ilə bağlı aparılan danışıqlarda iştirak edir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O bildirib ki, Vaşinqton münaqişə bitdikdən sonra Qəzza zolağının necə idarə olunması istiqamətində Fələstin Milli Administrasiyası ilə danışıqlar aparır.

“ABŞ hakimiyyətinin variantlarından biri də odur ki, Fələstin Muxtariyyəti həm Qəzzə zolağını, həm də İordan çayının qərb sahilini idarə etməlidir. Ona görə də biz regiondakı tərəfdaş ölkələr və Fələstin Muxtariyyəti ilə danışıqlar aparırıq. Bu istiqamətdə müxtəlif təkliflər müzakirə olunur. Mən təfərrüata varmayacam, lakin biz həm Fələstin Administrasiyası, həm də region ölkələri ilə əməkdaşlıq edirik” – Miller vurğulayıb.

Xatırladaq ki, daha öncə “Politico” nəşri ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələrinin müharibədən sonrakı Qəzzada vəziyyətin sabitləşdirilməsinin müxtəlif variantlarını müzakirə etdiyini yazıb. Üstəlik, bu variantlar anklavda Amerika hərbçilərinin mövcudluğunu nəzərdə tutmur, əksinə  çoxmillətli qüvvələrin və ya Fələstin sülhməramlı qrupunun yaradılması məsələsi müzakirə edilir. Ancaq Vaşinqton və tərəfdaşlarının hər hansı planı təsdiqləməsi xeyli vaxt tələb edir.

Əliyar Xəlil
Globalinfo.az