ABŞ Dövlət katibi Entoni Blinkenlə Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı baş tutub.
Məlumata görə, onlar diplomatik səviyyədə gələcək ikitərəfli əlaqələri müzakirə ediblər. Dövlət katibi BMT Baş Assambleyasının açılış həftəsi üçün Ukraynanın planlaşdırdığı tədbirlərə ABŞ-ın dəstəyini təsdiqləyib.
Blinken həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevə hərbi, iqtisadi və humanitar sahələrdə, eləcə də Ukrayna iqtisadiyyatının bərpasında yardımı davam etdirəcək.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Blinkenlə Andrey Sibiqa arasında telefon danışığının baş tutmasında təəccüblü heç nə yoxdur:
“Yeni prezidentlər, nazirlər vəzifəyə gələn kimi həmişə həmkarları ilə danışırlar. Düşünürəm ki, ABŞ- Ukrayna münasibətləri bundan sonra da indiki kimi davam edəcək.
Aydın məsələdir ki, hazırda Vaşinqtonun Kiyevə dəstəyinin davam edib-etməyəcəyi müzakirə olunur. Bu istiqamətdə də ciddi dəyişiklik olacağını düşünmürəm. ABŞ üçün mövcud Ukrayna hakimiyyəti və yeritdiyi xarici siyasət məqbuldur. Çünki bütün bunların hamısını məhz Vaşinqton özü istiqamətləndirir”.
“Hesab edirəm ABŞ Ukraynaya dəstəyi davam etdirəcək. Amma sadəcə müqavimət göstərə biləcəyi səviyyədə bunu edəcək. Yəni ABŞ Ukraynanın Rusiya ərazilərini işğal etməsini istəmir. Bu, münaqişəni daha da çıxılmaz hala salır. Doğrudur, Kursk basqını da ABŞ-ın planı idi, amma prosesin genişlənməsində maraqlı deyil”, -K.Novruzov bildirib.
Turan Rzayev
Globalinfo.az