684258671 2338128113259414 3819443504633380541 n

Nyu-Yorkun ilk müsəlman meri Zöhran Mamdaninin “erməni soyqırımı”nın ildönümündə Türkiyəni ittiham etməsi, həmçinin, “Dağlıq Qarabağdan 100 mindən çox erməni qovulub”, – deyərək Azərbaycanı hədəf alması, əslində, elə də təəccüblü deyil. Mamdani seçkidən əvvəl də, sonra da İslam inancının nümayəndəsi olmasına xüsusi diqqət çəkir, Nyu-Yorkun müsəlman əhalisi ilə iftarını açır, dualar edir, hər dəfə çıxışlarından inancından xüsusilə bəhs edirdi. Lakin bu, onun “ədalətli müsəlman”, “həqiqət carçısı”, “nümunəvi ictimai xadim” olduğu mənasına gəlmir.

ABŞ, siyasətçilərin auditoriyanı analiz edərək siyasi şou ortaya qoymağı bacardığı, xalqın duyğularına mükəmməl şəkildə işləməyi bilən simaların olduğu, bunlara imkan yaradan ən möhtəşəm ölkə, bir növ platformadır. Siyasətçilər kürsüyə çıxanda özlərini teatr səhnəsində xalqa baxaraq monoloq oxuyan aktyorlar kimi hiss edirlər. Bu, çox normaldır, maraqlı və ağıllı yanaşmadır. Əgər üstünlük qazandıracaq, səs gətirəcəksə, niyə də yox? Mamdaninin Nyu-York kimi bir şəhərə müsəlman mer seçilməsi heç də təsadüfi deyildi. Son illərdə müşahidə olunan tamamilə yeni bir mexanizmin təzahürü, taktikasıdır. Artıq ABŞ-da günü-gündən sayı artan müsəlman kəsimə ünvanlı da proseslər hesablanır, 11 sentyabr xofunun şəkli dəyişdirilir.

Məsələn, bir müddət əvvəl ABŞ-da saxlanılan və deportasiya təhlükəsi ilə üzləşən azərbaycanlı tələbənin məhz Zöhran Mamdaninin Prezident Donald Trampa müraciətindən sonra azadlığa buraxıldığı xəbəri yayıldı. Mamdani bunu insanlıq, yaxud vəzifə öhdəliyini professional şəkildə yerinə yetirdiyi üçün edir? Reallığa neytral şəkildə baxırıqsa, xeyr. Lakin onun bu addımı Birləşmiş Ştatlarla yanaşı bir çox ölkədə təqdir topladı. Mamdani Demokratların üzvü, gələcəyə yönəlik parlaq, “paketdən yeni açılmış” namizədidir. Əlbəttə ki, Demokratların arxasında dayanan ən önəmli maliyyəçilərdən olan erməni lobbisi də bu fürsəti əsla qaçırmaz. ABŞ-da nüfuzlu bir müsəlman, özü də demokrat? Çox ağıllı bir gedişlə insanların son dövrlərdə dinlədiyi birinin dilindən “erməni soyqırımı”, Azərbaycan və Türkiyəyə qarşı ittihamları səsləndirməyi bacardılar. Bu, onlar üçün əla gedişdir. Bəs bizim üçün?

Bir müddət əvvəl türkiyəli məşhur yutuber, bir çox layihələrin uğurlu icraçısı Oğuzhan Uğur bütün dünyada səs gətirən “Mevzular: Açık mikrofon” proqramında növbəti qonağının Mamdani olacağını açıqlamışdı. Onunla proqramı ABŞ-da yaşayan türklərin iştirakı ilə orada çəkiləcəkdi. Proqramı bilənlər bilir, auditoriya heç bir süzgəcdən keçirmədən birbaşa qonağa istədiyi sualları ünvanlayır. Lakin mart ayında çəkilməsi planlanan proqramın Mamdaninin yoğun iş sistemi səbəbilə avqustdan sonraya ertələndiyi açıqlandı. Oğuzhan Uğur bir müsahibəsində “Mamdani ilə necə əlaqə qurduz?” sualına bilirsiz nə cavab verib? ABŞ-dakı türk lobbisi sayəsində. O, son illərdə türk lobbisinin getdikcə daha da gücləndiyini, Barak Obama, Zöhran Mamdaniyə qədər əllərinin çatdığını, onları belə bir proqrama razı saldıqlarını bildirir. Bu, möhtəşəmdir. Nəhayət bütün türk dünyasının ən zəif və ermənilərə uduzduğu nöqtəsi olan lobbi məsələsi ilə bağlı ciddi irəliləyiş var. Bəs nə dərəcədə effektivdir? Təbii ki, 40 ildən çoxdur ABŞ-da, o cümlədən bütün dünyada dərin kök salan, çox kritik əlaqələrə malik erməni lobbisi qədər deyil. Yəni türklər ona əl çatdırmağı bacardılar, platforma da təqdim etdilər, amma ermənilər Mamdanini birbaşa alətə çevirməyə nail oldular.

HG7SqxybQAEYQfi
Mamdaniyə qarşı keçirilən aksiyadan

Təsadüfi deyil ki, merin açıqlamalarından sonra Nyu-Yorkda yaşayan türklər və azərbaycanlılar bərabər etiraz aksiyası keçirib, “erməni soyqırımı” iddiasının təbliğatına qarşı narazılıqlarını bildiriblər. Lakin bu, kifayət deyil. Lobbi məsələsi düşünüldüyündən çox çox daha vacibdir, biz də buna köklənməliyik. Doğrudur, ABŞ-da Azərbaycan həqiqətləri bir nömrəli lobbi olan yəhudi lobbisi vasitəsilə tanıdılır, bu istiqamətdə bizə böyük dəstəkləri var, bu həqiqət də əsla danılmazdır. Lakin kifayət deyil. Sayımızın az olduğunu nəzərə alaraq yüksələn türk lobbisi ilə daha da yaxınlaşılmalı, güclər birləşdirilməlidir. Daha dərin sistem qurulmalıdır. Bu, illərlə çəkəcək, amma edilməsə, hələ çox Mamdani kimilərə sadəcə sözdə etiraz bildirmək, ya da meydana 15-20 nəfərlə əldə bayraq çıxmaqla kifayətlənmək məcburiyyətində qalacağıq.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: