“Ötən həftə qardaş Türkiyənin siyasi hakimiyyətinə müxalif “Sözcü” qəzetində yayılan məqalədə guya ABŞ planlarında Azərbaycan ərazisinin İran əleyhinə hərbi əməliyyatlar üçün istifadə oluna biləcəyi iddiası tam əsassızdır və heç bir mötəbər fakta söykənməyən dezinformasiyadır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.
“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz ərazisini üçüncü dövlətlərə qarşı hərbi platsdarma çevirməyib və heç vaxt da verməyəcək. Belə spekulyativ geopolitik ssenarilərin məqsədi Azərbaycan və İran arasında münasibətləri gərginləşdirmək, Cənubi Qafqazı yenidən hərbiləşdirmək və Yaxın Şərqin bir parçasına döndərməkdir. Halbuki ötən ilin iyulunda İsrail-İran 12 günlük savaşında da dövlətimiz diplomatik dialoq və regional sabitlik mövqeyi tutdu, savaşın coğrafiyasının genişlənməməsi üçün əhəmiyyətli addımlar atdı. Dövlətimizin prinsipial siyasətinə əlavə misallar yaxın tariximizdə ABŞ-Rusiya, NATO–Rusiya və nəhayət, Türkiyə-İsrail hərbi-siyasi rəhbərləri üçün də Bakı dialoq paytaxtı olmuşdu”, – o bildirib.
Z.Oruc qeyd edib ki, geosiyasi seçimlər dövlətlərin taleyini həll edir:
“Bir vaxtlar Gürcüstan və Ukraynanın NATO-ya üzvlük qərarı onları silahlı toqquşmaların mərkəzinə, qarşıdurma meydanına çevirmişdi. Azərbaycansa fərqli yol seçdi, hərbi-siyasi neytrallığını qoruyub saxladı, ərazisində xarici hərbi bazalara yer vermədi və forposta çevrilmədi. İlham Əliyevin bloklara qoşulmamaq siyasəti İkinci Qarabağ müharibəsinin internasional xarakter almasına imkan vermədi və qələbəmizin əsas səbəblərindən biri oldu. Azərbaycan qarşıdurma deyil, sabitlik, müharibə yox, sülh və dialoq məkanıdır!”
Safura Bənnayeva
Globalinfo.az