ABŞ hərəkətə keçdi: Rusiya və Çinə qarşı mühüm həmlə

“ABŞ 2023-cü ildə hərbi məqsədlər üçün 858 milyard dollar xərcləyəcək. Bu, astronomik məbləğdir. Misal üçün, Amerikanın builki hərbi büdcəsi 778 milyard dollar civarında idi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, hərbi büdcə imzalanmaq üçün Prezident Co Baydenə göndərilib:

“Ukrayna müharibəsi və Rusiyanı dayandırmaq baxımdan Amerikanın gələn il üçün hərbi xərclərinin artırılması nəzərdə tutulub. Hərbi büdcənin 800 milyon dolları Ukraynanın təhlükəsizliyinə xərclənəcək. Əvvəlki büdcədə 500 milyon dollar nəzərdə tutulmuşdu, 300 milyon dollar əlavə edilib. Amerikanın Avropadakı hərbi varlığına 6 milyard dollar ayrılacaq, bu əvvəlki büdcə layihəsindən 2 milyard dollar artıqdır.

Konqres Qərb ölkələrinin Rusiyadan enerji asılılığını azaltmaq, sanksiyaların artırılması və Rusiyanı “böyük iyirmilər”dən çıxarılması yolları üzərində də düşünür. Kreml Konqresin gərginliyi artıran sənədini tənqid edib”.

Politoloqun sözlərinə görə, yeni hərbi büdcəyə görə texnoloji xərclər artırılacaq, yeni təyyarələr və gəmilər üzərində çalışmalar davam edəcək:

“Yeni nəsil bombardmançı təyyarələr istehsal ediləcək. ABŞ müdafiə naziri Loyd Ostin “B-21 Raider” tipli təyyarə istehsalını “tarixi hadisə” adlandırıb. Bu təyyarələr dünyanın istənilən nöqtəsinə adi və nüvə başlıqlı raketlər daşımaq imkanına malikdirlər. Digər tərəfdən, yeni təyyarələr “Stels” texnologiyası kimi hava hücumundan müdafiə sistemlərinin radarlarına düşmür.

ABŞ hərbi büdcəsinin artımı yalnız Rusiyanın işğalçı siyasəti ilə bağlı deyil. Vaşinqton Çini də durdurmaq istəyir. Bu çərçivədə Amerika Tayvanın təhlükəsizliyinin gücləndirilməsi üçün 5 ildə 10 milyard dollar xərcləyəcək”.

Turan Rzayev
Globalinfo.az