
ABŞ Nümayəndələr Palatasında Gürcü Arzusu əleyhinə daha bir qanun layihəsi qeydiyyatdan keçirilib.
Globalinfo.az xəbər verir ki, məlumatı Azadlıq Radiosu yayıb. Məlumata görə, qanun layihəsi ABŞ hökumətinə Gürcü Arzusu Partiyasını Gürcüstanın qanuni hökuməti kimi tanımasını qadağan edir.
“ABŞ Bidzina İvanişvili və müttəfiqlərinin rəhbərlik etdiyi istənilən hökuməti tanımamalı və münasibətləri normallaşdırmamalıdır”.
Qanun layihəsində həmçinin Gürcüstanın yeganə legitim liderinin Salome Zurabişvili olduğu bildirilib.
Qısa zaman içində qanun layihəsinə Konqresin Xarici İşlər Komitəsi və Hüquq Komitəsində baxılacağı bildirilib.
Qeyd edək ki, bundan öncə amerikalı konqresmen Co Uilson Gürcüstan hökumətinə qarşı MEGOBARİ Aktını təqdim etmişdi. Akt Gürcü Arzusu hökumətinə müxtəlif sanksiyaları özündə ehtiva edirdi. Həmçinin aktın qəbul edildiyi ərəfədə ABŞ hökuməti Bidzina İvanişviliyə sanksiyaların tətbiq edildiyini elan etmişdi.
Əliyar Xəlil
Globalinfo.az