abs rusiya 1

Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryusun “ABŞ artıq Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamayacaq, birbaşa danışıqların vaxtı çatıb” bəyanatı beynəlxalq gündəmdə ciddi rezonans doğurub. Bu açıqlama ilk baxışdan Vaşinqtonun prosesdən çəkildiyi təsiri bağışlasa da, əslində Ukrayna münaqişəsinin həlli istiqamətində yeni bir mərhələnin başlandığını göstərə bilər. ABŞ-ın bu addımı, həmçinin Rusiya üçün açıq mesaj kimi dəyərləndirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Elşən Mustafayev deyib ki, ABŞ rəsmisinin Rusiya və Ukrayna arasında artıq vasitəçi olmayacağını bəyan etməsi, Vaşinqtonun Ukrayna probleminin həllindən geri çəkildiyi anlamına gəlməməlidir:

“Əksinə, bu bəyanat problemin həlli istiqamətində yeni mərhələnin başlandığına işarədir və əsasən Rusiyaya ünvanlanmış mesajdır. Mesaj ondan ibarətdir ki, Ukrayna ilə birbaşa danışıqlar aparmaqla real nəticələrə nail olmaq mümkündür.

İndiyədək aparılan danışıqlar əsasən ABŞ və Rusiya arasında baş tutub. Kreml dəfələrlə Ukrayna Prezidenti Volodimir Zelenski ilə hər hansı məsələni müzakirə etməyə hazır olmadığını bildirib. Lakin ABŞ-ın son vaxtlar Ukrayna ilə nadir yeraltı resurslarla bağlı müqavilə imzalaması bu ölkədə iqtisadi maraqlarının gücləndiyini göstərir. Bu da Vaşinqtonu Ukraynada müharibənin dayandırılması üçün səylərini artırmağa məcbur edir. Əvvəlcə iqtisadi maraqlardan qaynaqlanan bu siyasətin sonradan açıq strateji müstəviyə keçəcəyi şübhə doğurmur.

elsen mustafayev politoloq

Elşən Mustafayev

Bununla belə, əgər Ukrayna tərəfi birbaşa sülh danışıqlarında iştirak etməzsə, atəşkəs və ya sülh prosesindən müsbət nəticə gözləmək çətin olacaq. ABŞ rəsmilərinin bu tip bəyanatları ilk növbədə Rusiya tərəfinə yönəlib və bir mesaj daşıyır. Əgər ikitərəfli danışıqlara başlanılmazsa, heç bir irəliləyiş gözlənilə bilməz və nəticədə müharibənin daha da alovlanması ABŞ-ı vasitəçi mövqeyindən çıxaraq birbaşa tərəfə çevrilməyə vadar edə bilər.

Başqa sözlə, bu bəyanatlar Moskvanın Ukrayna hakimiyyətinə qarşı ritorikasını və davranışını dəyişməyə çağırışdır. İndi isə əsas məsələ Rusiyanın bu çağırışlara necə cavab verəcəyidir. Hələlik isə rəsmi Moskvadan ciddi reaksiya müşahidə olunmur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: