ABŞ demokratlarının vitse-prezidentliyə namizədi məlum oldu. Kamal Harris öz axtarışlarında Minnesota qubernatoru Tom Uolzun (Timothy Walz) üzərində dayandı.
Bu seçim bir qədər gözlənilməz oldu, çünki əksəriyyət Pensilvaniya qubernatoru Coş Şapironu daha şanslı görürdü. 51 yaşlı Şapiro demokratların yüksələn ulduzlarından biridir, yaxşı natiqdir, Pensilvaniya kimi kritik önəmə sahip ştatda mötədil respublikaçıların da dəstəyini alır və bəyənilmə səviyyəsi 60%-dən yuxarıdır. Pensilvaniya seçkilərin taleyini həll edən azsaylı ştatlardan biridir, Şapironun vitse-prezidentliyə namizəd olması burada Harrisin qələbəsini təminat altına ala bilərdi. Lakin üstün məziyyətlərinə baxmayaraq, o, son anda kənarda qaldı. Bunun əsas səbəbi yəhudi olan Şapironun İsrail lehinə çıxışları və fəaliyyətləridir. Bu faktor onun əleyhinə işlədi, çünki demokratların sol qanadında İsrail allergiyası var. Harris qorxdu ki, Şapironun namizədliyi partiyanın sosialist, sol-liberal qanadını, xüsusən gəncləri küsdürə bilər, bu isə impuls qazanmış kampaniyasına zərər vurar və yekunda seçilmə şansını azaldar.
Şapiro vaqeəsinin ABŞ daxili siyasəti üçün uzunmüddətli təsirlərini ehtimal etmək yanlış olmaz. Şübhə yoxdur ki, bundan sonra siyasi ambisiya daşıyan demokrat siyasətçilər İsrailə dəstək məsələsində daha ehtiyatlı davranmağa çalışacaqlar.
1964-cü il təvəllüdlü Tim Uolz irland, alman və isveçli qanı daşıyır, mötədil-mərkəzçi kimi tanınır. T.Uolz ABŞ-ın Orta Qərbini (Midwest) – vaxtilə ağır sənayenin yerləşdiyi, postindustrial dönəmdə isə tənəzzülün başa verdiyi “paslı qurşaq” (rust belt) adlandırılan zonanı təmsil edir. Trampın vitse-prezidenti Cey Di Vens də bu regiondandır. Di Vensdən fərqli olaraq, T.Uolz Ukraynanın fəal dəstəkçisidir, müharibə başlayan kimi o, ştat səviyyəsində Rusiyaya sanksiya tətbiq edib, Ukraynaya dəstək aksiyası təşkil edib və ötən müddətdə Zelenski ilə görüşüb.
Şahin Cəfərli