uitkoff kushner2026

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların bərpası məqsədilə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Uitkoff və Kuşner ötən həftə Mayamidə keçirilən danışıqlarda Böyük Britaniya, Fransa, Almaniya, NATO və Avropa İttifaqının (Aİ) nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının aradan qaldırılması ilə bağlı bir neçə variant təqdim ediblər:

“Təkliflər arasında Vaşinqtonun nəzarəti altında yeni xüsusi maliyyə mexanizminin yaradılması da yer alıb. Bu təşəbbüs sülh sazişinin hazırlanması çərçivəsində müzakirə olunub. Avropa nümayəndələri ABŞ tərəfinin təklifini rədd ediblər.

Bununla belə, Rusiya aktivlərinin dondurulmasının ləğvi və həmin vəsaitlərin istifadəsi mexanizmləri ilə bağlı müzakirələr davam edir. Vaşinqton Kiyevdən, mənbəyindən asılı olmayaraq, əldə etdiyi bütün vəsaitlərin xərclənməsinə dair plan təqdim etməsini də tələb edib”.

Bundan başqa, ABŞ Ukraynada korrupsiyaya qarşı mübarizə və hesabatlılığın gücləndirilməsi üzrə islahatların həyata keçirilməsində Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlıq etməyi təklif edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: