ABŞ-dan postsovet ölkələri ilə bağlı TAPŞIRIQ

ABŞ-ın Kaliforniya ştatındakı sərhədçilərə postsovet ölkələrindən olan qeyri-leqal miqrantları deport etmək tapşırığı verilib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Nyu York Post” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, deport edilmək tapşırığı xüsusilə Gürcüstan, Moldova, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan vətəndaşlarına aiddir.

Qəzet yazır ki, sərhədi keçən bu şəxslərin ABŞ-da sığınacaq istəməsi də qadağan olunub. Bununla belə, “Fox News” televiziyası qərarın bütün Kaliforniyaya yox, yalnız San-Dieqo rayonuna aid olduğunu açıqlayıb. Maraqlıdır ki, məhz bu rayon qeyri-leqal miqrasiya məsələsində önəmli nöqtə rolunu oynayır.

Qeyd edək ki, miqrasiya məsələsi uzun müddətdir ABŞ-da əsas siyasi problemlərdən sayılır. Xüsusilə mühafizəkarlar miqrasiyanın artmasından narazıdırlar. ABŞ Prezidenti Cozef Bayden uzunmüddətli müzakirələrdən sonra bir müddət öncə ölkədəki qeyri-leqal miqrantların sığınacaq istəməsi qaydalarını sərtləşdirib. Onların öz ölkələrinə sürətləndirilmiş qaydada deport olunacağı vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az