ABŞ-dan Gürcüstan açıqlaması: “Qanun layihəsi qəbul olunarsa…”

“Biz avropalı müttəfiqlərimizə qoşularaq Gürcüstan vətəndaşlarının böyük əksəriyyətinin Avropa İttifaqına inteqrasiya etmək istəklərinə zidd olan qanunları qəbul etməməyə çağırırıq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Millerin fikrincə, bu qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda irəliləyişini təhlükə altına qoya bilər.

“Gürcüstan parlamentinin Kremldən ilhamlanan Xarici Təsir Qanununu irəli sürmək qərarından dərin məyus olduq. Bu qanunun qəbulu Gürcüstanın Avropa Birliyinə gedən yolunda irəliləyişini təhlükə altına qoya bilər. Biz Gürcüstan vətəndaşlarının böyük əksəriyyətinin Aİ-yə tam inteqrasiya arzusuna zidd olan qanunları qəbul etməməyə çağırırıq.  Gürcüstanda öz vətəndaşlarına xidmət edən və ölkə iqtisadiyyatını yaxşılaşdırmaq üçün çalışan canlı vətəndaş cəmiyyəti var. Təklif olunan qanun layihəsi qəbul olunarsa, ifadə azadlığını məhdudlaşdıra və gürcüləri yüksək keyfiyyətli informasiya ilə təmin etməyə çalışan müstəqil media təşkilatlarına mane ola bilər. Məqsəd şəffaflığı təmin etməkdirsə, Kremldən ilham alan bu cür qanunvericilik uyğun gəlmir. Biz bütün tərəfləri dinc toplaşmaq hüququna hörmət etməyə çağırırıq”, – Miller vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az