ABŞ-ın Massaçusets ştatının bir neçə şəhərində eşidilən yüksək partlayış səsi çaxnaşmaya səbəb olub.
Globalinfo.az xəbər verir ki, hadisə mayın 30-da qeydə alınıb.
Belə ki, Massaçusetsin şərqində mənbəyi hələ də məlum olmayan güclü partlayış səsi eşidilib və sakinlər küçələrə axışıb:
“Boston da daxil olmaqla bir çox şəhərdə hiss olunan səsdən sonra yaranan panikaya görə polis və yanğınsöndürmə briqadaları səfərbər edilib. Hakimiyyət orqanları ilkin araşdırmaların heç bir ölüm, yaralanma və ya əhəmiyyətli maddi ziyan aşkar etmədiyini bildirib.
Yerli medianın məlumatına görə, sirli səs Bostonda, eləcə də Skitut, Vinçester, Arlinqton, Kambric, Konkord və Linfild də daxil olmaqla bir çox ətraf bələdiyyələrdə eyni vaxtda eşidilib”.
Bölgədəki təhlükəsizlik qüvvələri və yanğınsöndürmə briqadaları həyəcan vəziyyətinə gətirilib.
“NBC10″nin meteoroloqu Pamela Qardner peyk məlumatlarında ildırım izinin olmadığını və ABŞ Geoloji Tədqiqatının (USGS) qeydlərində də zəlzələ qeydə alınmadığını deyib.
O, səsin atmosferə daxil olan bir meteoritin yaratdığı “səs bumu” ola biləcəyini irəli sürüb.
Geniş bir ərazidə hiss edilən və qısa müddətli çaxnaşmaya səbəb olan sirli partlayış səsinin mənbəyi ilə bağlı araşdırmalar davam edir.
Əliyar Xəlil
Globalinfo.az