ABŞ-ın Oreqon ştatının Bend şəhərində ibtidai məktəbdə baş verən atışma nəticəsində üçü uşaq olmaqla dörd nəfər həyatını itirib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, ölənlərin sayı barədə informasiyanı telekanalın federal hüquq-mühafizə orqanlarındakı mənbələri təsdiqləyib.
Polisin məlumatına əsasən, əvvəlcə məktəbin yaxınlığında avtomobilə atəş açılması barədə məlumat daxil olub. Daha sonra silahlı şəxs təhsil müəssisəsinin binasına daxil olaraq atəş açıb.
Hadisə yerinə gələn polis əməkdaşları hücum edən şəxsi ölü vəziyyətdə aşkar ediblər.
Hazırda onun kim tərəfindən güllələndiyi araşdırılır. Hücum edən şəxsə yaxınlıqdakı şəxslərdən birinin atəş açdığı ehtimal olunur.
Hadisə nəticəsində daha iki nəfər xəstəxanaya yerləşdirilib. Onların səhhəti barədə məlumat açıqlanmayıb.
Atışmanın araşdırılmasına ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) da qoşulub.