ABŞ Britaniya ilə Yəmənə yeni zərbələr endirdi

ABŞ və Böyük Britaniyanın Silahlı Qüvvələri yanvarın 23-nə keçən gecə Yəmən ərazisinə 18 aviazərbə endiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Saria açıqlayıb.

Onun sözlərinə görə, paytaxt Sanaya ümumilikdə 12, Hodeyda vilayətinə 3, Taiz vilayətinə 2, Əl-Baydaya isə 1 aviazərbə endirilib.

Xatırladaq ki, yanvarın 12-si ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” hərəkatına qarşı əməliyyata başlayıb. ABŞ Hərbi Hava Qüvvələri əməliyyat zamanı husilərin 16 obyektində 60-dan çox hədəfinə zərbələr endirib. Pentaqonun açıqlamasına görə, hücumların məqsədi husilərin gəmiçilik və beynəlxalq ticarətə təhdidlərinin azaldılmasıdır.

Bundan əvvəl isə Yəmənin şimalında hökmranlıq edən hərəkat İsrailə aidiyyəti olan və yaxud sözügedən ölkənin limanlarına gedən gəmilərə hücum etmək niyyətində olduğunu bəyan edib. Bununla yanaşı, husilər digər ölkələri həmin gəmilərdən öz ekipajlarını geri çağırmağı və yaxud Qırmızı dənizdə bu gəmilərə yaxınlaşmamağa çağırıb. ABŞ isə cavabında Qırmızı dənizdə digər ölkələrlə gəmiçiliyi qorumaq üçün əməliyyata başlayacağını bildirib.