ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Norveçdəki Örland Hərbi Hava Bazasına çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı (AIRCOM) öz saytında məlumat yayıb.
“ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançıları Avropada təyyarələrin növbəti yerləşdirilməsində iştirak etmək üçün avqustun 9-da Texasdakı Dayss aviabazasından Norveçin Örland aviabazasına gəliblər”, – bəyanatda deyilir.
Norveçdə qaldıqları müddətdə ABŞ bombardmançıları Norveç F-35-ləri və NATO-nun digər təyyarələri ilə yanaşı, yüksək təhlükə mühitində təcrübə keçərək, axtarış, müəyyənləşdirmə, izləmə və hədəfləmə bacarıqlarını təkmilləşdirəcək, eləcə də müttəfiqlərin rəhbərlik etdiyi bir sıra missiyaları həyata keçirəcəklər.
“B-1B Lancer” (“Rockwell B-1 Lancer”) ABŞ-ın ox formalı qanadları olan səsdən sürətli strateji bombardmançı təyyarəsidir. Təyyarə ötən əsrin 70-80-ci illərində “Rockwell International” şirkəti tərəfindən hazırlanıb. 27 iyul 1985-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalındadır.
Qeyd edək ki, Örland aviabazası qütb bölgəsində NATO təlimlərinin keçirildiyi yerdir. Rusiya ilə sərhədin yaxınlığında yerləşir.