ABŞ müdafiə naziri Lloyd Ostin Aralıq dənizinin şərqinə gedən “Ford” aviadaşıyıcısının zərbə qrupuna HƏMAS qruplaşmasının hücumundan sonra İsrailə kömək etməyə hazır olmaq əmri verib. “USS Gerald Ford” və onun təxminən 5 min dənizçisi və daşıdığı döyüş təyyarələrini kreyserlər və esmineslər müşayiət edəcək. Onların hədəfi HƏMAS-a silahın çatmasının qarşısını almaqdan və müşahidə aparmaqdan ibarətdir.
“Ford”la yanaşı ABŞ “USS Normandy” kreyserini, “USS Thomas Hudner”, “USS Ramage”, “USS Carney” və “USS Ruzvelt” esmineslərini, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 və A eskadrilyalarını göndərir.
Bəzi müşahidəçilərin rəylərinə görə, ABŞ bu savaşdan istifadə edərək İranı vura bilər.
Maraqlıdır, indiki şərtlərdə ABŞ-İran savaşının başlayacağı inandırıcıdır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, HƏMAS-ın İsrailə hücumu və mülki insanların öldürülməsi pislənməlidir:
“Bu, terror aktıdır. Təbii ki, İsrail buna səssiz qalmayacaqdı, qalmadı da. İsrailə terror hücumu sonrası dünyanın müxtəlif dövlətləri açıq şəkildə Təl-Əvivə dəstəyini ifadə edib. Lakin HƏMAS-ı dəstəkləyən ölkələr də var. Misal üçün İran hazırda HƏMAS-ı dəstəkləyən əsas ölkədir.
Rəsmi Tehran uzun müddətdir ki, HƏMAS-ı dəstəkləyir və hər cür maliyyə, silah yardımı edir. Təsadüfi deyil ki, HƏMAS nümayəndəsi də Qəzzada keçirilən mitinqdə bildirdi ki, İran onlara pul, silah yardımı edib.
Oqtay Qasımov
Əlbəttə ki, İsraillə HƏMAS arasında başlanan bu müharibə Yaxın Şərq üçün müsbət heç nə vəd etmir. Hətta vaxtında uzlaşma əldə edilməsə, proseslər genişlənə, daha təhlükəli hal ala bilər. Çünki regiondakı münaqişədən maraqlı olan qüvvələr var”.
Politoloq deyib ki, İran bu əməliyyatların planlaşdırılmasında aktiv rol alıb:
“Bu gərginlikdən öncə HƏMAS-ın yüksəkrütbəli şəxsləri Tehrana səfər etdi. İran rəhbərliyi ilə müzakirələr aparıldı. Yəni əslində bu danışıqların getdiyi zamanda belə bəlli idi ki, HƏMAS İsrailə qarşı əməliyyatlara başlayacaq.
Hesab edirəm, Aralıq dənizinin Şərqinə gedən “Ford” aviadaşıyıcısının zərbə qrupu hələlik Qəzzaya antiterror dəstək kimi nəzərdə tutulub. Lakin bununla belə yaxın zamanda ABŞ-ın İrana qarşı müharibəyə başlayacağını düşünmürəm. Lakin İsrail bundan istifadə edib, İrana zərbələr vura bilər”.
Turan Rzayev
Globalinfo.az